
BAKI, 16 fevral. TELEQRAF
Almaniyanın xarici işlər naziri Annalena Berbok 61-ci Münxen Təhlükəsizlik Konfransında çıxış edərək, Avropa ölkələrinin bəzi fikir ayrılıqlarına baxmayaraq, bir yerdə olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Berboka görə, sülh Avropa səviyyəsində olmasa, uzunmüddətli ola bilməz: "Ölkələr azad dünyanın, yoxsa azad dünyaya qarşı mübarizə aparanların yanında dayanacaqlarına qərar verməlidirlər. Biz burada azad dünya adından danışırıq. Ötən gün ABŞ-ın vitse-prezidenti Vansın Avropanın ən böyük probleminin qanunsuz miqrasiya olduğunu bildirdi. Mən onunla razı deyiləm. Hazırda ən böyük düşmənimiz Putinin Rusiyasıdır. Çünki Avropada sülh və demokratiyaya müharibə elan edib".
Berbok siyasətçi kimi demokratiyanı həm daxildə, həm də xaricdə müdafiə etmək üçün and içdiyini deyib: "Ukraynada sülhə nail olmağın ən asan yolu Putinin böyük səhv etdiyini başa düşməsi və qoşunlarını geri çəkməsi olacaq. Putinin təkcə Ukraynaya qarşı deyil, həm də NATO-ya, avropalılara, amerikalılara və azad dünyaya qarşı mübarizə aparır. Ukraynanın gələcəkdə NATO-ya üzv olması Avropa və NATO üçün iqtisadi cəhətdən ən sərfəli variantdır. Çünki minlərlə avropalı əsgərin Ukraynaya göndərilməsi çox baha başa gələcək".