BAKI, 10 fevral. TELEQRAF

İran 1979-cu il inqilabından sonra bir çox mühüm dəyişiklik və transformasiyalara məruz qalsa da, 2025-ci ildən, yəni inqilabın 46-cı ilində tarixin ən ciddi problemlərindən biri ilə üz-üzədir. İqtisadi böhran, yüksək inflyasiya, işsizlik, regional gərginlik və xarici təzyiqlərlə mübarizə aparan İranda hökumət bu durumdan çıxmaq üçün müxtəlif islahatlar aparmağa çalışsa da, iqtisadi problemlər, daxili və xarici faktorlar səbəbindən həll prosesləri çətinləşir.

Teleqraf xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzetinin “İnqilab devrilir? - İran siyasi-iqtisadi böhranla üz-üzə” adlı analitik yazısında deyilir.

Türkiyə nəşri yazır ki, ABŞ-nin 2018-ci ildə nüvə sazişindən birtərəfli qaydada çıxmasından sonra İrana qarşı iqtisadi sanksiyalar güclənməkdə davam edir:

“ABŞ və Qərb ölkələri İrana nüvə proqramı ilə bağlı təzyiqlərini davam etdirir. İranla nüvə sazişindən çıxan və Tehrana qarşı sərt sanksiyalar tətbiq edən Donald Trampın yenidən ABŞ prezidentliyinə və Tehrana maksimum təzyiq siyasətinə qayıtması inqilabın 46-cı ilində İranı daha böyük böhrana sürükləyəcəyi ilə bağlı qorxular var.

İranın iqtisadi vəziyyəti xüsusilə ABŞ-nin 2018-ci ildə nüvə sazişindən çıxmasından sonra pisləşib. Tramp administrasiyası Tehrana qarşı iqtisadi sanksiyaları sərtləşdirib. Sanksiyalar İranın neft ixracatını kəskin şəkildə məhdudlaşdırıb və ölkənin valyuta ehtiyatlarını azaldıb. Məlumata görə, dünyanın ən böyük neft ehtiyatlarına malik olan İran gündə 3 milyon barel civarında neft hasilatına malikdir. Bu rəqəm 2018-ci ildə sutkada 4 milyon barelə qədər olub.

ABŞ-nin sanksiyaları səbəbindən İranın xarici ticarət həcmi də kifayət qədər məhduddur. Çin və bir neçə Asiya ölkəsi istisna olmaqla, Qərblə ticarət olduqca çətinləşib. İranın “Swift” sisteminə çıxışının məhdudlaşdırılması beynəlxalq bank əməliyyatlarını da dayandırıb.

Nüvə sazişinin 2016-cı ildə qüvvəyə minməsi və sanksiyaların götürülməsi ilə ölkədə inflyasiya son 26 ildə ilk dəfə olaraq 9 faizə düşmüşdü. 2018-ci ildə ABŞ-nin sazişdən çıxması və sanksiyalar tətbiq etməsindən sonrakı dövrdə inflyasiya 52.1 faizə yüksəlib. İran Statistika Xidmətinin məlumatına görə, ötən il inflyasiya 32 faiz olub. Buna rəğmən, cəmiyyətin hiss etdiyi inflyasiya daha yüksək görünür.

Trampın qayıdışı ilə milli valyuta (rial-tümən) hər gün tarixi enişlər yaşayır. Bu gün 91 min tümənə çatan dolların məzənnəsi son bir ayda İran valyutası qarşısında 20 faizdən çox dəyər qazanıb. Bu, ölkənin xarici ticarətini çətinləşdirir və insanların alıcılıq qabiliyyətini xeyli aşağı salır”.

Analizdə qeyd olunur ki, bütün bu hadisələr fonunda İran son zamanlar regional müttəfiqlərinin aldığı zərbələrdən də sarsılıb:

“Birincisi, İsrailə qarşı döyüşən “Hizbullah”ın məğlubiyyəti və Tehranın illərdir maddi-hərbi dəstək verdiyi Suriya rejiminin süqutu İranın bütün regionda “müqavimət cəbhəsi” adlandırdığı çəkindirici qüvvəsi üçün böyük itki oldu. Bu hadisələr uzun illərdən sonra ilk dəfə olaraq İranın bölgədəki nüfuzu və çəkindiriciliyi üçün ciddi təhlükə yaradır.

Bölgədəki təsirinin azalması ilə yanaşı, İran iqtisadi və əlaqəli enerji problemləri ilə də mübarizə aparır ki, bunların əksəriyyəti Tramp dövründə tətbiq edilən genişmiqyaslı sanksiyalardan qaynaqlanır. Dünyanın ən böyük təbii qaz və neft ehtiyatlarına malik ölkələrindən biri olan İran iqtisadi sanksiyaların ağır təzyiqi, qeyri-kafi infrastruktur sərmayələri və enerji sahəsində üzləşdiyi problemlər səbəbindən son aylarda tarixinin ən ciddi enerji böhranlarından birini yaşayır.

Enerji təchizatı və sənaye sektorunda yaranan fasilələr ölkə iqtisadiyyatına milyardlarla dollar zərər vurur, insanların gündəlik həyatı və əsas infrastruktur xidmətlərini birbaşa təhlükə altına atır. Dərinləşən enerji böhranı ölkəni iqtisadi cəhətdən gərginləşdirir və onu çoxölçülü çıxılmaz vəziyyətə salır, o cümlədən kənd təsərrüfatı kimi həyati vacib sektorlarda, sosial-siyasi arenada.

İran hökumətinin məlumatına görə, gündəlik 350 milyon kubmetr təbii qaz defisiti və 17 elektrik stansiyasının dayanması səbəbindən ölkədə sənaye istehsalında 30-50 faiz azalma olacağı gözlənilir. Bu vəziyyətin onsuz da böyük böhran içində olan İran iqtisadiyyatı üçün milyardlarla dollar itki ilə nəticələnəcəyi ilə bağlı narahatlıqlar var”.

“Yeni Şafak” vurğulayır ki, İranın daxili və xarici siyasətindəki qeyri-müəyyənliklər də cəmiyyətə dərin təsir edir:

“İlin əvvəlində hökumətin təklif etdiyi müxtəlif iqtisadi islahatların xarici təzyiqlər və daxili iqtisadi problemlər səbəbindən uğurlu olub-olmayacağı qeyri-müəyyəndir. Bu çətin dövrdə İran həm daxili siyasət, həm də beynəlxalq münasibətlərdə həll yolları axtarmağa davam edir”.