BAKI, 8 fevral. TELEQRAF

Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə silahları reklam aləti və ya bir neçə sentlik sövdələşmə vasitəsi deyil, əksinə əsl əvəzolunmaz döyüş qüvvəsidir.

Teleqraf xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi dövlət mətbuatı açıqlama yayıb.

Qeyd olunub ki, ABŞ-nin rəhbərlik etdiyi Qərb dövlətlərinin sülhü pozmağa yönəlmiş hərəkətləri ucbatından dünya hazırda daha ağrılı günlər yaşamaqdadır.

“Məlumdur ki, ABŞ və Qərbin geosiyasi maraqları ucbatından Ukrayna böhranı dərinləşir, Yaxın Şərqdə müharibələrin şər silsiləsi təkrarlanır. Bizim nüvə silahlarımız regional sülhə təhdidlərin qarşısını alacaq”, - açıqlamada bildirilib.

Xatırladaq ki, sözügedən açıqlama ABŞ Prezidenti Donald Tramp və Yaponiyanın Baş naziri Şiqeru İşiba arasında Ağ Evdə keçirilən görüşdən sonraya təsadüf edib.

Tərəflər görüş zamanı Şimali Koreyanın tam nüvəsizləşdirilməsi istiqamətində işləri davam etdirəcəklərini bildiriblər.