BAKI, 7 fevral. TELEQRAF

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula Fon der Leyen ABŞ-nin Aİ-yə qarşı ədalətsiz və ya özbaşına gömrük rüsumları tətbiq edəcəyi təqdirdə, buna sərt reaksiya veriləcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə Polşaya səfəri çərçivəsində keçirilən mətbuat konfransında danışıb.

ABŞ administrasiyasının Aİ-yə yeni tariflər tətbiq etməyə hazırlaşdığı barədə sualı şərh edən təşkilat rəhbəri deyib: "ABŞ ilə Aİ-nin geniş əlaqələri var. Ümumi ticarət həcmi 1,5 trilyon avro ətrafındadır. Bu ticarət Atlantik okeanının hər iki tərəfindəki insanlar və müəssisələr üçün çox faydalıdır. Aİ və ABŞ iqtisadiyyatı iç-içədir".

Fon der Leyen gömrük rüsumlarının tətbiqinin hər iki tərəfə baha başa gələcəyini də vurğulayıb: "Aİ ədalətsiz və ya özbaşına hədəfə alınarsa, qəti şəkildə cavab verəcək. Biz Aİ ilə ABŞ arasında əməkdaşlığı artırmağı düşünürük, lakin öz prinsiplərimizə də sadiqik".

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ölkəsində Aİ-yə görə 300 milyard dollardan çox büdcə kəsiri olduğu barədə danışmışdı. O, çıxış yolunu təşkilata qarşı yeni tarifin tətbiq ediləcəyini bildirmişdi.