
BAKI, 6 fevral. TELEQRAF
Beynəlxalq Valyuta Fondu (BVF) "Genişləndirilmiş fond proqramı" çərçivəsində Ukraynaya 900 milyon dollar vəsaitin ayrılması imkanını nəzərdən keçirəcək.
Teleqraf xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə BVF-nin rəsmi nümayəndəsi Culi Kozak deyib.
O xatırladıb ki, ötən ilin dekabrında ölkə iqtisadiyyatının altıncı baxışından sonra BVF proqram vasitəsilə Ukraynaya daha 1,1 milyard dollarlıq tranş ayırıb. Onun sözlərinə görə, hazırda kredit proqramı üzrə ödənişlərin həcmi təqribən 9,8 milyard dollar təşkil edir. Ölkə iqtisadiyyatının növbəti nəzərdən keçirilməsindən sonra və BVF-nin İcraçı Direktorlar Şurası tərəfindən təsdiqləndiyi təqdirdə, Ukrayna 900 milyon dollar maliyyə vəsaiti ayrılacaq.
"Bunun üçün texniki iş aparılır. Biz bunu təsdiqlənən kimi elan edəcəyik", - BVF nümayəndəsi belə deyib.
Kozakın sözlərinə görə, fondun nümayəndələri Ukrayna rəhbərliyinin büdcə siyasəti, gəlirlərin səfərbər edilməsində irəliləyiş, həmçinin borc və büdcə dayanıqlığının bərpası ilə bağlı məsələləri öyrənmək niyyətindədirlər. Bundan əlavə, onlar idarəetmə islahatlarının həyata keçirilməsinin gedişatını qiymətləndirməyi də nəzərdə tuturlar.
Xatırldaq ki, 2023-cü ilin martında BVF 15,6 milyard dollar məbləğində maliyyələşmə ilə sözügedən proqram çərçivəsində Ukrayna üçün dörd illik proqramı təsdiqləyib.