Şimali Koreyanın nüvə başlıqlı raketlərinin sayını artırması qonşu Cənubi Koreyada narahatlığa səbəb olub. Cənubi Koreya Prezidenti Yun Suk-yeol ölkəsinin nüvə silahına yiyələnməsi istəyini səsləndirib. Cənubi Koreya Xarici İşlər Nazirliyi qonşu ölkələri qorxutmamaq üçün məsələyə aydınlıq gətirərək, prezidentin fikrinin hipotetik məna daşıdığını açıqlayıb. Ancaq prezidentin açıqlaması artıq işini görüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.

Mərkəz ekspertlərinin fikrincə, Cənubi Koreya “nüvə klubu”na daxil olmaq istəyir:

“Seulun istəyi anlaşılandır. Qonşu Şimali Koreyada diktatura rejimi var və bu ölkə istənilən an onu raket atəşinə tuta bilər. Həmin raket isə nüvə başlığı daşıya bilər. Cənubi Koreya prezidenti nüvə silahına yiyələnmək üçün iki yol göstərib. Birinci yol Cənubi Koreyanın nüvə silahını öz imkanları ilə əldə etməsidir. Cənubi Koreyanın maliyyə və elmi imkanları yüksəkdir, qısa müddətdə çalışmalara başlayıb nüvə silahı əldə edə bilər. İkinci yol müttəfiq dövlətlərdən birinin Cənubi Koreya ərazisində nüvə silahı yerləşdirməsidir. Müttəfiq dövlət dedikdə böyük ehtimalla Amerika Birləşmiş Ştatları nəzərdə tutulub.

ABŞ-ın keçmiş prezident Donald Tramp Cənubi Koreyada nüvə başlıqlı raketlərin yerləşdirilməsinin əleyhinə idi. Tramp bunun əvəzinə Şimali Koreya diktatoru ilə dialoqa üstünlük verirdi. Ancaq bu dialoq nəticə vermədi. Şimali Koreya nüvə başlıqlı raketlərin istehsalından imtina etmədi”.

Təhlildə qeyd olunur ki, Cənubi Koreyanın keçmiş liderləri də nüvə silahı məsələsiylə bağlı açıqlamalar veriblər:

“Məsələn, Cənubi Koreyanın 1970-ci illərdəki lideri Pak Çon Hi nüvə silahı əldə etmək üçün alimlərə tapşırıq vermişdi, çalışmalar başlamışdı. Ancaq Vaşinqton Seula təzyiq etdi və çalışmalar dayandırıldı. Cənubi Koreya 1975-ci ildə Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsinə imza atıb. Ancaq hazırda vəziyyət fərqlidir. Şimali Koreya nüvə başlığı daşıya bilən raket istehsalını artırır və Seul buna seyrçi qalmaq istəmir.

Cənubi Koreya prezidentinin nüvə silahıyla bağlı açıqlaması bir çox ölkənin diqqətini çəkib. ABŞ müttəfiqi kimi hazırkı şərtlər daxilində Seula nüvə silahı əldə etməyi qadağan edə bilməyəcək. Cənubi Koreyanın nüvə silahına yiyələnməsi Rusiya və Çinin xoşlarına gəlməyəcək. Moskva və Pekin buna etiraz edəcək. Ancaq Moskva və Pekin Şimali Koreyanın nüvə başlıqlı raketlərdən imtina etməsi üçün heç nə etmədi. Əksinə, Moskva və Pekin Şimali Koreyanın ABŞ və Yaponiyanı raketlərlə hədələməsindən məmnundur”.

Mərkəzin ekspertləri deyirlər ki, son aylarda Şimali Koreyanın pilotsuz uçan aparatları tez-tez Cənubi Koreyanın hava məkanına daxil olur:

“Cənubi Koreyanın hava müdafiə sistemləri həmin dronların hamısını zərərsizləşdirə bilməyib. Bu da Seulda belə bir fikir formalaşdırıb ki, bir gün Şimali Koreya Cənubi Koreya ərazisini raket atəşinə də tuta bilər. Bundan qorunmağın yeganə yolu Cənubi Koreyanın nüvə başlığı daşıya bilən raketlərlə təchiz olunmasıdır”.