Fransanın 2014-cü ildən bəri Afrikanın Sahel bölgəsində keçirdiyi hərbi əməliyyatlarda iştirak edən birləşmələri Malinin şimalındakı Kidal bölgəsindən geri çəkilib.

Teleqraf.com xəbər verir ki, Fransa Silahlı Qüvvələrinin Baş Qərargahından verilən açıqlamada Kidaldakı son logistik konvoyun oktyabrın 12-də bölgəni tərk etdiyi bildirilib.

Logistika və inzibati prosedurları tamamlamaq üçün bölgədə son bir batalyonun qaldığı qeyd edilib.

Kidaldan sonra ölkənin şimalındakı Tessalit və Timbuktu bölgələrindəki fransız bazalarının da tədricən boşaldılması gözlənilir.

Fransa Prezidenti Emmanuel Makron bundan əvvəl gələn ilin ilk rübündə Saheldəki əməliyyatlara son qoyacaqlarını, amma bölgədən geri çəkilməyəcəklərini demişdi.

Mali Baş naziri Çoqel Mayqa Fransanı Kidaldakı separatçılara kömək etməkdə günahlandırıb.

Fransa 2014-cü ildə “Əl-Qaidə” ilə əlaqəli qruplaşmalarla mübarizə adı altında bu ölkəyə əvvəlcə 3 min, sonra 1500 hərbi qüvvə göndərib. Bu gün isə Fransanın bölgədə 5 min hərbi qüvvəsinin olduğu bildirilir.