Oktyabrın 3-də böyük rus şairi Sergey Yeseninin anadan olmasından 124 il ötür.
Teleqraf.com onun həyatı ilə bağlı maraqlı faktları təqdim edir.
Şair Sergey Yesenin 1895-ci ildə Rusiyanın Ryazan bölgəsindəki Konstantinovo, bugünkü adıyla desək, Yesenino şəhərində anadan olub.
Əkinçi ailəsində doğulan Sergey hələ 9 yaşındaykən şeir yazmağa başlayır. Ata-anası ondan uzaqda işləmək məcburiyyətində qaldığı üçün Sergeyə babası baxırdı. Yeseninin fikrincə, babası qədər heç kim onun həyatına bu dərəcədə təsir etməmişdi. Babası keçmiş Rusiya haqqında, ortodoks kilsə ilə bağlı məlumatları onunla bölüşür, onun düşüncə dünyasına böyük qatqılar verirdi.
Balaca Sergey babası ilə yaşadığı balaca kənd evinin pəncərəsindən Oka çayını və kəndin kilsəsini izləyirdi. Uşaqlıq xatirələri sonradan onun şeirlərində əksini tapacaqdı. O, beş yaşından oxumağı öyrənmişdi.
Yesenin məktəbi çox erkən yaşlarında tərk eləməli oldu. 1912-ci ildə şeirlərini çap edə biləcəyi şəhərə, Moskvaya üz tutdu. Qısa müddətdə Peterburqa yollandı. Məqsədi imzasını tanıtmaq idi.
1916-cı ildə Çar II Nikolaya və ailəsinə istedadını göstərmək üçün əlinə böyük fürsət düşmüşdü. Qatildiği ədəbi mühitdən də xeyli dost qazanmışdı.
Aleksandr Blok, Sergey Qorodetski, Nikoly Klyuyev kimi şairlərin dəstəyini almışdı.
Sergey Yesenin 1916-cı ildə “Radunitsa” (“Ölülər günü”) adlı ilk şeir kitabını çap etdirdi. Gənc şair hələ həyatın acı dadından xəbərsizidi. 1917-ci il oktyabr inqilabına şahid olan şair başlanğıcda bu inqilabdan çox şey gözləyirdi. Onun bu ümidlərdən “İnoniya” adlı kitab meydana gəldi . Şair yazırdı: “Ah anam, ah ölkəm, mən bir bolşevikəm!”
Yaraşıqlı və zərif görkəmi olan Yesenin qızların sevimlisi idi. 1913-cü ildə o, Anna İzriadnov ilə ilk evliliyinə qədəm qoyur. Annadan onun Yuri adında bir oğlu olur. Ancaq Sergey ailəsini tərk edərək Sant-Peterburqa köçür . Oğluna hərdən baş çəkməyi də unutmur.
Şair 1917-ci ildə Zinaida Reiç adlı gözəl aktrisa ilə evlənir və ondan Tatyana adlı qızı, Konstantin adlı oğlu doğulur. Ancaq cütlüyün ailə həyatı uzun sürmür. Zinaida Reiç sonradan məşhur rejissora ərə gedir və Moskvada tanınmış aktrisaya çevrilir.
Sergey Yesenin üçüncü dəfə Tolstoyun nəvəsi Sofiya ilə evlənir. Amma şairi bu da xoşbəxt etmir, üçüncü ailə də dağılır.
Kənd mühitində böyümüş Sergey Yesenin şəhərdə özünə yer tapa bilmirdi. Əslində o, heç inqilab adamı da deyildi. Daha çox millətçi idi. Bütün ruhunu isə lirik şeir yazmağa vermişdi. Onun ən yaxın dostu Vladimir Mayakovski idi.
Yesenin həyata və insanlara bağlana bilmirdi. Bəlkə də yaşadığı ruhi çöküntünün başlıca səbəbi bu idi: “Mən özümü sizin ‘‘Oktyabr’‘ınıza və ‘‘May‘’ınıza fəda edərdim, fəqət bunu bilin ki, sevgili sazımı əsla fəda etmərəm…”
1921-ci ildə o, təsadüfən rəssam Georgi Yakulovun sərgisində amerikalı rəqqas Aysedora Dünkanla rastlaşır. Həyatından xeyli qadın gəlib keçsə də Dünkan Yeseninin qəlbində daha dərin iz buraxır. Amma azad ruhlu Dünkan evlilik istəmir. Yaş fərqi isə onlar üçün önəmli deyildi.
Aralarındakı sevgi o qədər böyük idi ki, nə qədər dalaşsalar da səhəri gün heç nə olmamış kimi barışırdılar. “İki insan arasında ehtiraslı duyğular drama çevrilmirsə, bir şey ifadə etməz” demişdi Dünkan. Evliliyə qarşı olsa da Dünkan Sergeyə ərə gəlir. Onda evlilik problemləri baş qaldırmağa başlayır...
Dünkan azadlıq sevər bir amerikalı, Yesenin isə dəyərlərinə və dininə möhkəm bağlı bir şair idi. Aralarındakı 16 yaş fərqinin gətirdiyi problemlər evlilik zamanı ortaya çıxır. Bu sevgidən əzab çəkən Yesenin alkoqola düçar olur. Dünkan dözməyib onu tərk edir.
Həmin illərdə Yesenin yaşadığı gərginlikdən dolayı bir ay psixoloji xəstəxanada yatmalı olur. Yeni il bayramında onu xəstəxanadan çıxarırlar. Qaldığı otelin otağında həyatına öz əlləri ilə nöqtə qoyur Yesenin.
Yesenin intihardan öncə dostu Mayakovskiyə bir məktub yazır. Qaldığı otaqda qələm tapa bilmədiyib üçün qolunu kəsərək qanı ilə bu şeiri yazır:
“Əlvida, ey dostum, bir də əlvida,
Səni gəzdirirəm ürəyimdə mən.
İnan, qarşıdakı bu ayrılıq da
Görüş vəd eləyir bizə yenidən.
Əlvida, nə danış, nə də ki əl ver,
Nə qaşlarını çat, nə gözün dolsun.
Ölüm bu dunyada yenilikmidir,
Yaşamaq özü də yenilik olsun?‘‘
30 illik ömründə Yesenin böyük şöhrət və populyarlıq qazanmışdı. Ölümündən sonra belə Yesenin bir axın yaratmış, toplu intiharlara səbəb olmuşdu. Dövlət məcbur qalıb onun bütün əsərlərini toplamış və oxunmasını qadağan etmişdi.
Vladimir Mayakovski dostu Sergey Yeseninin “Əlvida” şeirinə bu misralarla cavab vermişdi:
“Bu həyatda ən asan işdir ölmək,
Yenidən həyata başlamaqdır ən çətini...”
5 il sonra Mayakovski dostu Yeseninin son hərəkətini təkrarladı – intiharla həyatına son qoydu.


.jpg)