BAKI, 12 yanvar. TELEQRAF

Tacikistanın gənc MMA döyüşçüsü Məhəmmədəli Sadulloyev qətlə yetirilib.

Teleqraf xəbər verir ki, bu barədə 15 yaşlı idmançının məşqçisi Kamol Vəliyev "Asia Plus" portalına açıqlamasında məlumat verib.

Sadulloyev digər yeniyetmələrlə münaqişədən sonra öldürülüb.

Faciə 11-12 yanvar gecəsi Kulyabdakı kompüter klubunda baş verib. Münaqişə zamanı Sadulloyev ürəyindən bıçaqlanıb. Xəsarət alan daha iki nəfər xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları iki şübhəlini saxlayıb, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Məhəmmədəli Sadulloyev 2024-cü il Dünya Gənclər MMA Çempionatının qalibidir. O, 2025-ci ildə Tacikistan Qarışıq Döyüş Sənətləri Çempionatının qalibi olub.