BAKI, 15 aprel. TELEQRAF

İkiqütblü dünya sisteminin süqutundan sonra bütün dünyada İslam amili siyasi və ideoloji mənada böyük mübahisələrə səbəb oldu. ABŞ ideoloqları liberalizmin mütləq qələbəsindən danışsalar belə, İslam amili ABŞ və onun müttəfiqlərini təhdid edən əsas faktora çevrildi. Ölkəmizin müstəqilliyi də ikiqütblü dünyanın sonuna düşdüyü üçün din mövzusu ölkəmizdə də mürəkkəb vəziyyət alır, dini zəmində istər mübahisələr, müzakirələr, polemikalar, istərsə də münaqişələr güclənir. Bəzən isə hətta bu münaqişələr silahlı formaya, ya da Suriya, İraq, Əfqanıstan kimi ölkələrə mücahid ixracına qədər gedib çıxırdı.

Bütün bu deyilənlər kontekstində İslam dini, Quranın düzgün başa düşülməsi, onun bəşəri və humanist dəyərlərə uyğun təbliğ olunması xüsusi əhəmiyyət daşıyır. Əks halda, bəzi Yaxın Şərq ölkələrinin acı təcrübəsi qarşımıza çıxacaq.

Dinşünas Elşad Miri Quran, onun məzmunu və mahiyyəti, məzhəblər, Azərbaycandakı müasir dini vəziyyət, sələfi-cihadçı təmayülü ilə bağlı suallarımıza cavab verib.

“Teleqraf” İnformasiya Agentliyi dinşünas Elşad Miri ilə müsahibəni təqdim edir.

- Sizə qarşı həm sələfilər, həm də şiələr çıxışlar edir. Bu qədər əks cəbhələri özünüzə qarşı birləşdirməyi necə bacarırsınız?

- Bizim bu gün əsas missiyamız insanları İslama dəvət etməkdir. Ona görə mən deyirəm ki, məzhəbləri bir kənara qoyun. “Ali İmran” surəsində deyildiyi kimi Allahın ipindən yapışın. Bunu dediyimə görə bəziləri məni tənqid, təkzib, təkfir edir və haqqımda “t” hərfi ilə başlayan başqa ifadələr də işlədirlər. Biz insanları birləşdirmək istəyirik, fərqli fikirdə olan insanlar belə bizim düşüncələrimizin əleyhində birləşirlər. Bunun yaxşı, ya da pis olduğunu deyə bilmərəm, hələ nəticəni görə bilmirik.

Sürü psixologiyası ilə yaşayan, din yox, məzhəb təəssübkeşliyi çəkən insanlar düşüncəsiz şəkildə axına qoşulacaq, ağlı, intellekti olanlar isə dinləyəcək, araşdıracaq, nəticə çıxardacaq. Allah bizə dinləməyi qadağan etmir, o, Quranda buyurur ki, onlar sözə qulaq asarlar, ən gözəlinə tabe olarlar. Mən insanları özümə dəvət etmirəm, özümü təbliğ etmirəm. İnsanları İslama dəvət edirəm, həqiqətə dəvət edirəm. Məqsədim öz ətrafıma adamlar toplamaq, dini lider, din xadimi olmaq deyil. Mən olmayanda belə insanların öz ağılları, zəkaları ilə həqiqəti tapmalarını istəyirəm.

- Belə başa düşürəm ki, siz özünüzü din xadimi hesab etmirsiniz...

- Bəli, mən din xadimi deyiləm, dinşünasam. Düzdür, bəziləri dünən özünü “axund”, “molla” adlandırırdı, bu gün özlərinə ilahiyyatçı deyirlər. Onlar özlərini ilahiyyatçı adlandırırlar deyə özümü ilahiyyatçı adlandırmaq da istəmirəm. Mən isə dinşünasam. Diplomlarımda da o cür yazılıb.

- Məzhəblər haqqında sual vermək istəyirəm. Tarixi gedişatda bu məzhəblər ortaya çıxıb və əsrlərcə mövcuddur. Müasir dövrdə necə məzhəbsiz din yaratmaq olar? Bu mümkündürmü?

- Din yaratmağa ehtiyac yoxdur, din onsuz da mövcuddur. Din bir ideya, bir islahat kimi ortaya çıxır, sonra isə ona xürafat, bidətçilik əlavə olunur. Ona görə ilk dövrlərə qayıtmalıyıq. İlk dövrə qayıtmaq, Qurana qayıtmaq lazımdır. Quranla bağlı şübhəmiz varmı? Xeyr. Peyğəmbərin dövründə məzhəblər olubmu?

Türkiyənin sekulyarlığı, dünyəviliyi olmasaydı Türkiyə də Əfqanıstan olardı

- Xeyr, olmayıb. Sonrakı dövrlərdə ortaya çıxıb...

- Bəli... Misal üçün, hənəfilik məzhəbini götürək. İmam Əbu Hənifənin, zamanında hənəfilik məzhəbi vardımı? Yox idi. Sonradan onun fikirləri iqtidar olduqdan sonra hənəfilik məzhəbi yarandı. Amma öz dövründə məzhəb yox idi. Əbu Hənifə ona verilən vəzifəni qəbul etmədiyi üçün Əməvilər dövründə zindana atıldı. Daha sonra Abbasilər gəldi, o yenə də həbsə atılıb, işgəncələrə məruz qaldı. Bu gün adı “bəh-bəh”lə çəkilən, adının qarşısında çoxlu tərif və təyinlər olan bir çox din adamı Əbu Hənifənin ölümünə fətva verdilər.

- Kimdir bu din adamları?

- Xətib əl-Bağdadi Əbu Hənifənin əleyhinə çıxış edən 35 imamın olduğunu bildirir. İmam Malik və tərəfdarları, Şafii və ardıcılları, əl-Əvzai, Həsən bin Saleh, Süfyan əs-Sevri, Əhməd bin Hənbəl və davamçıları İmam Əbu Hənifə haqqında mənfi fikirdə olan insanlar olub. Buxarinin özü Əbu Hənifənin rəy əhli olmaqda ittiham edərək, əsərində ondan 122 yerdə “insanlardan biri belə dedi” deyərək Əbu Hənifəni tənqid edib.

Onu murciə, yəni Əhli-Sünnədən kənar, xaric kimi damğalayıb, onu hədis sahəsində etibarlı olmamaqda günahlandırıblar.

Bu gün Türkiyə özünü hənəfi hesab edir, ancaq sizə başqa bir hənəfi ölkə deyim: Əfqanıstan, Taliban. Türkiyə kimi onlar da hənəfidir. Mən sizi əmin edirəm, Türkiyənin sekulyarlığı, dünyəviliyi olmasaydı Türkiyə də Əfqanıstan olardı. Eləcə də deyirlər ki, Azərbaycanda dini təhlükə yoxdur. Bu da doğru deyil. Azərbaycanda dini ideologiya formalaşmayana kimi mövcud idelogiyanın yerini təriqətlər, məzhəblər dolduracaq. Türkiyədə bütün siyasi dairələr təriqətlərdən, məzhəbdən səs almaq üçün siyasətlərini onların fikirlərinə uyğunlaşdırmağa çalışırlar. Mən deyirəm ki, biz hənəfiliyi, cəfəriliyi, şafiiliyi bir kənara qoyub o məzhəblərin də müraciət etdiyi mənbələrdən danışmalıyıq. Biz elə bilirik ki, məzhəblər çox safdır, insanları dürüstlüyə çağırır. Ancaq bu doğru deyil. Misal üçün, Quranda namaz qılmayanın cəzası göstərilmir, amma məzhəblər bu barədə fətva çıxarıblar...

- Əbu Hənifənin də bu barədə fətvası var...

- Bəli, Əbu Hənifəyə istinad edilən bir fətva var. Ancaq bu fətvanı Əbu Hənifə verməyib. O, vəzifəni qəbul etməyib, ancaq onun şagirdi bu vəzifəyə gəlib. Fətvanı da o verib. Hənəfiliyin əsas kitabı sayılan otuz cildlik “Əl-Məbsud” sayılır. Onun içində çox biabırçı fətvalar var. Ancaq özünü hənəfi adlandıran adamlar bunları bilirmi? Bilmirlər... Quranı bircə dəfə oxuyublarmı? Oxumayıblar... Sizə maraqlı bir əhvalat nəql edim...

- Buyurun...

- Biz ilahiyyat kollecində (Söhbət Şərqşünaslıq təmayüllü Sumqayıt Özəl Türk Litseyindən gedir. –Q.T. ) oxumuşuq. Bu mövzular bizim tərəfimizdən gündəmə gəldikdən sonra kollecdə bir yerdə oxuduğumuz yoldaşlar öz aralarında bir sorğu keçiriblər. Mövzusu bu budur: “Hansımız Quranı tam şəkildə oxumuşuq?” Heç biri oxumamışdı...

- Marksistlər haqda da deyirlər ki, heç bir marksist “Kapital”ı oxumayıb...

- Bəli, təxminən o cür. Martin Lüter iddia edirdi ki, “Bibliya” tərcümə edilməlidir.

- Sonra özü tərcümə etdi...

- Bəli. Çünki Lüter deyirdi ki, keşişlər latınca bilmədiklərinə görə “Bibliya”dan xəbərləri yoxdur. Onlar “İncil”i bilmirdilər, ona görə də “İncil”i istədikləri kimi şərh edirdilər. Sadə xalqın da əlbəttə ki, öz müqəddəs kitablarından xəbəri yox idi, çünki çoxu heç yazıb-oxumaq bilmirdi, nəinki latın dilini... Bayaq status yazmışdım, sizə də göndərdim. Azərbaycanda QMİ-nin qazılarından biri ziyarət zamanı ehram paylayır, onlar da qazının əlindən öpür. Hər şeydən qabaq bizim ənənədə “əl öpmək” anlayışı yoxdur. Bir də ehramın nə olduğunu bilmirlər...

-Bilməyənlər üçün, arayış verək. Ehram Həcc ya da Umrə zamanı istifadə olunan geyimdir...

- Bəli, ancaq kişilər geyinir. İki dəsmal bürüyürlər, onun adı ehramdır...

- Deyirlər, orda tikiş olmaz...

- Axı o fabrikdən tikilib çıxır. Elə olarmı ki, paltarda tikiş olmasın? Bu barədə bir video çəkib "Youtube" kanalımda yerləşdirdim. Orda elə biabırçı şeylər yaranır ki, insanlar hacılığa, hacıxanıma yaraşmır deyə elə şeyləri gündəmə gətirmirlər.

- Söhbət nədən gedir?

- Əyilib-qalxırlar, parça açılır, bədən görünür. Düzdür, üstlərində toqqa olur, ancaq o da açılır. Əslində, ehram heç ərəb geyimi də deyil, sonradan yaranıb.

Məzhəbçilər Qurandan uzaqdırlar

- Məzhəblərlə bağlı mövzunu davam etdirək. Şiələr və sünnilər eyni Qurana istinad edir. Quran eynidir, ancaq fərqli nəticələr çıxardırlar. Bu necə olur?

- Çünki bunlar Quranı oxumurlar ki, ordan nəticə çıxartsınlar. Heç tərcüməni demirəm, bu gün Quranı müasir ərəb dilinə uyğunlaşdırıb bir ərəbə verək. Yazılır ki, Həcc məlum aylardadır. Ərəbcəyə görə məlum aylar yəni bir sözün cəm olması üçün ən azı üç olmalıdır. Burdan başa düşürük ki, Həcc üç ayda olmalıdır. Bəs niyə bunu Zilhiccə ayında keçirirsən? Ərəb də deyir ki, Peyğəmbər belə edib. Soruşuram ki, Peyğəmbər neçə dəfə Həccə gedib? Deyir, bir dəfə. Deyirəm bəlkə, bir neçə dəfə getsəydi başqa ayda gedəcəkdi? Deməli ki, sən Qurana zidd gedirsən, onun aşkar hökmünü inkar edirsən. Deyirlər ki, Quran hədisi dəyişə bilməz, ancaq hədis Quranı dəyişə bilər. Bu müşriklikdir, onlar bu müşrikliyə qol çəkiblər. Məzhəbçilər Qurandan uzaqdırlar, səbəb də budur.

Quranda ayə var: “Yaradan Rəbbinin adıyla oxu”. Ancaq BMT hesabatlarına baxdıqda görürük ki, ən çox yazıb-oxumağı bilməyənlər elə İslam coğrafiyasında yaşayır. Burdan da göründüyü kimi, İslam dünyası Quransızdır. Eyni şey Avropa ölkələrinə də aiddir. Onların da “Bibliya”dan xəbərləri yoxdur. Həftədə bir dəfə kilsəyə gedirlər, ancaq xəbərləri yoxdur. Cümə namazına gedin, orda soruşun, görün onların biri “Fatihə” sürəsinin tərcüməsini bilirmi?

- Burda sünni məzhəbləri arasında olan bir yanaşma fərqini soruşmaq istəyirəm. Əbu Hənifə hər hansı bir hökmü şərh verməyin, onu mövcud vəziyyətə uyğunlaşdırmağın, əsl məqsəd və məramın üzə çıxarılmasının tərəfdarı idi. Ancaq Əhməd ibn Hənbəl bütün hökmləri hərfi şəkildə tətbiq etməyin tərəfdarı kimi çıxış edirdi. Hətta bu yaxınlarda bir məqalədə ona istinad edilən bir fikir oxudum. İbn Hənbəl deyirdi ki, mən qarpız yemirəm, çünki Peyğəmbərin necə qarpız yediyini bilmirəm. Həmin bu Əhməd ibn Hənbəl sələfiyin atası, ən böyük ideoloqu hesab edilir...

- Unutmayaq ki, Peyğəmbər insan olub. Sonra o ərəb olub. Və əlbəttə ki, o Allahın rəsulu olub. Onun durub-oturması, geyimi, hətta saqqal saxlaması ərəblərə aid olan adət-ənənəyə uyğundur, bunların dini baxımdan əhəmiyyəti yoxdur. Əbu Hənifənin dövründə iki yol vardı, onların birinə dirayət deyirdilər, digərinə isə rəvayət. Dirayət qavrama, zəka deməkdir, rasional metod deməkdir. Rəvayət isə eşidiləni, rəvayət olunanı icra edənlər nəzərdə tutulur. Dirayət metodunun öncüsü bu Hənifə olub, rəvayətlə gedənlər isə digərləri...

Keçi ilə din formalaşdırmaq olarmı?

- Əhməd ibn Hənbəl?

- O və digərləri... Bu gün də Səudiyyə Ərəbistanının rəsmi məzhəbi Əhməd İbn Hənbəlin adı ilə bağlı olan hənbəlilikdir. Hətta, ikinci xəlifə olan Ömər Peyğəmbərə deyirdi ki, bu hökm sənin hökmündür, yoxsa Allahın? Sənin hökmündürsə, bunu müzakirə edək, dəyişək, Allahın hökmüdürsə ona əməl edək. Ancaq Ömərin oğlu Peyğəmbər Həccə gedəndə harda dayanırdısa orda da dayanırdı, çünki Peyğəmbərdən elə görmüşdü. O, atasından fərqli olaraq rəvayət tərəfdarı idi. Bir məsələdə Quranın hökmü varsa, məsələ bitir. Fətvanı verən Allahdır. Peyğəmbərin belə müstəqil şəkildə nəyisə halal, nəyisə haram adlandırmaq səlahiyyəti olmayıb.

Ancaq təəssüf ki, həmin o hüquqçular, fiqh alimləri İslam hüququ adı altında Allahlıq iddiasına düşüblər. Misal üçün, daşqalaq cəzası gətiriblər, halbuki Quranda daşqalaq cəzası yoxdur. Onlar Həzrəti Ömərə istinad edirlər, guya Həzrəti Ömər deyib ki, belə bir ayə var imiş, ayənin hökmü baqidir, əbədidir, özü isə nəsx edilib, yəni ləğv edilib. Buna görə də Əbu Davudun hədis kitabında belə bir hədis uydurulub ki, guya keçi gəlib, ayənin yazıldığı dərini yeyib, bununla da ayə ləğv olunub, ancaq hökmü baqi qalıb. Belə şey ola bilərmi? Keçi ilə din olarmı? Keçi ilə din formalaşdırmaq olarmı? Baxın, zina haqda fətva verməklə nə qədər kişi, nə qədər qadın böhtan atılaraq məhv ediliblər. Görürsünüzmü, məsələ nə qədər ciddi və bir o qədər də dəhşətlidir?

- Söhbət məhv etməkdən düşdü. Müxtəlif terror təşkilatları, İŞİD, Əl Qaidə, Taliban, Nusra...

- Boko Haram...

- Bəli, Afrikada fəaliyyət göstərən Boko Haram... Bunlar şiələri təkfir edir, onları müsəlman saymırlar. Bir dinşünas kimi sizin fikrinizi öyrənmək istəyirəm, onlar bunu nəyə əsasən edirlər...

- Onlar kimi düşünmədikləri üçün təkfir edirlər...

İmam Buxarını belə kafir elan edib qəbristanlıqda dəfn etməyə qoymadılar

- Reallıqda belədir, başa düşürəm. Ancaq sualım budur ki, onlar İslam dininin kanonik mətnlərində nəyə istinad edərək bu təkfir fətvalarını verirlər?

- Peyğəmbər heç kimə kafir deməyib, heç kimi təkfir etməyib. Quranda kafir dedikdə həqiqətin üstünü bilərək örtənlər nəzərdə tutulur. Quranda bu sözün müxtəlif mənaları var, nankor mənasında da işlədilir, əkinçi mənasında da. Ancaq onlar isə bir mənanı nəzərdə tutur, Quranın mahiyyətinə varmırlar. Onlar “kafir” sözünü təhqir mənasında deyirlər, halbuki Peyğəmbər heç kimi təhqir etmirdi. Quranda Peyğəmbərə müraciətlə göndərilmiş bir ayədə deyilir ki, əgər sən qaba və sərt olmuş olsaydın onlar sənin yanında qalmaz, çıxıb gedərdilər.

Bu insanlar düşmən axtarışındadır. Ona görə kimin fikirlərini bəyənmirsə onu kafir hesab edir. Bu Allahlıq iddiasına düşməkdir, çünki bu hökmü Allah verməlidir, bəndə yox. Allah isə insanlara seçim hüququ verir, misal üçün “Kəhf” surəsində deyir ki, istəyən iman gətirsin, istəyən kafir olsun. Allahın verdiyi seçimi insanların əlindən almaq Allaha qarşı gəlməkdir.

Bir adamı kafir adlandırırlarsa, bu məzhəbə görə o öldürülməlidir, arvadı da ondan boşanmalıdır, ondan miras qala bilməz, onun malı halaldır, o müsəlman qəbristanlığında basdırıla bilməz.

Söhbət təkfirdən düşmüşkən, sizə İmam Buxaridən bir maraqlı şey danışım. İmam Buxarinin hədis kitabı “Səhihül-Buxari” İslam dünyasından Qurandan sonra ən mötəbər kitab sayılır. İmam Zühli adlı bir hədis alimi Buxarini bir sözünə görə “kafir” adlandırmışdı. Buna görə də Buxarini öz doğma şəhəri Buxaraya qoymamışdılar. Mən onun qəbrini ziyarət etmişdim.

- Qəbri harada idi?

- Səmərqənddə... Səmərqənddə də onu heç qəbristanlıqda da basdırmağa da icazə verməyiblər. Qəbristanlığın kənarında basdırıblar. Onun qəbri təkdir, yanında heç bir qəbir yoxdur. SSRİ-nin son dövrlərində onun üstündə türbə tikmişdilər, mən gedəndə də böyük bir külliyə tikilirdi, hələ başa çatmamışdı. Niyə görə onu burada, qəbristanlıqdan kənarda dəfn etmişdilər? Həmin o kafir fətvasına görə... İnsanlar bunu bilmirlər, bilsələr ayılarlar. Halbuki, bütün sünnilər ona istinad edirlər. O cümlədən də başqaların təkfir edənlər...

Ancaq sünnilər də Buxarini oxumayıblar. Hətta, bir ilahiyyatçı ilə tanış oldum, indi yaxın dostumdur, deyir mən 1500 hədis oxumuşam Buxaridən. Deyirəm, axı 7500 hədisi var Buxarinin... Amma o, araşdırdıqdan sonra mənim dediklərimin həqiqət olduğunu gördü. Ancaq mən o adamı kafir elan etmədim, ona xoş münasibət göstərdim, nəticədə o həqiqəti gördü...

Ardı var...

Foto: Elnur Muxtar

İkinci hissədə:

  • Quran İslam dövləti yaratmağı əmr edirmi?
  • Deizm yüksəlişinin səbəbi nədir?
  • Quran tərcümə və təfsirində hansı problemlər var?
  • Mərcei-təqlid institunun Azərbaycana nə vəd edir?
  • Azərbaycanda dini inqilab təhlükəsi varmı?