BAKI, 21 aprel. TELEQRAF

Nazirlər Kabineti kazino oyunlarının təşkilatçıları və operatorları üçün yeni maliyyə nəzarəti qaydalarını təsdiqləyib.

Teleqraf xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı “Kommersiya hüquqi şəxslərin təsisçiləri, nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların öhdəlik daşıyan şəxslərə verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Yeni qaydalara əsasən, kazino oyunlarının təşkilatçısı və operatoru müştərinin 3 000 (üç min) manat məbləğində və ya ondan daha artıq maliyyə əməliyyatı həyata keçirdiyi hallarda xüsusi nəzarət tədbirləri tətbiq edəcək. Bu zaman “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” (ƏL/TMM) Qanunun tələbləri qüvvəyə minəcək.

Qərara görə, qeyd olunan məbləğdən yuxarı əməliyyat aparan müştərilər barədə məlumatlar müvafiq öhdəlik daşıyan şəxslərə (maliyyə monitorinqi orqanlarına) təqdim edilməlidir.