BAKI, 21 aprel. TELEQRAF
Nazirlər Kabineti qaz təchizatı sahəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə yeni qərar qəbul edib.
Teleqraf xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərarla “Qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi Qaydası” təsdiqlənib.
Yeni qaydalara əsasən, qazpaylayıcı sistem operatoru istehlakçıların mənzillərində və obyektlərində qaz qurğularının, tüstü bacalarının və havalandırma xətlərinin işçi vəziyyətini yoxlamalıdır. Bu müayinələr tamamilə ödənişsiz həyata keçiriləcək.
Müayinə zamanı aşağıdakı istiqamətlər üzrə nəzarət tədbirləri görüləcək:
Qaz qurğularının texniki vəziyyəti;
Balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin sızmaya qarşı davamlılığı;
Tüstü bacalarının (tüstü yollarının) işlək olub-olmaması;
Havalandırma və havadəyişmə xətlərinin effektivliyi.
Qərarın qəbul edilməsində əsas hədəf qaz təsərrüfatında təhlükəsizlik səviyyəsinin yüksəldilməsi və dəm qazından zəhərlənmə, partlayış kimi mümkün risklərin minimuma endirilməsidir. Müayinə zamanı hər hansı nöqsan və ya qayda pozuntusu aşkar edilərsə, onların aradan qaldırılması üçün dərhal müvafiq tədbirlər görüləcək.
Yeni qaydaların tətbiqi ilə əlaqədar Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 215 nömrəli Qərarı qüvvədən düşmüş hesab edilir.