BAKI, 20 aprel. TELEQRAF
Prezident İlham Əliyev "Yerin təkindən istifadə sahəsində fəaliyyətin təkmilləşdirilməsi (neft-qaz sahəsi üzrə fəaliyyət istisna olmaqla) və bununla əlaqədar ölkə Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Teleqraf xəbər verir ki, sənədə əsasən, "AzerGold" QSC-nin fəaliyyət dairəsinə filiz yataqları ilə yanaşı, artıq qeyri-filiz yataqları da əlavə edilib. Bakının Qaradağ rayonu, Abşeron, Zaqatala, Balakən, Oğuz və İmişli rayonları ərazisində yerləşən bir sıra əhəngdaşı və qum-çınqıl yataqları qurumun istifadəsinə verilib.
Fərmanla yerin təkindən istifadə sahəsində bürokratik maneələr aradan qaldırılır:
2027-ci il avqustun 1-dən etibarən yer təkindən istifadə hüququnun verilməsi, ekspertizalar, hesabatların qəbulu və razılıqların alınması “Rəqəmsal ekologiya” informasiya sistemi vasitəsilə “bir pəncərə” prinsipi ilə həyata keçiriləcək.
Prosesin əlaqələndiricisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi olacaq.
Yeni qaydalar investorlar üçün stimullaşdırıcı şərtlər gətirir:
25% Güzəşt: Əgər hərrac qalibi yatağın axtarış və kəşfiyyatını özü həyata keçiribsə, onun təklif etdiyi qiymətə 25 faiz güzəşt tətbiq olunacaq.
Ödəniş qrafiki: Auksion qalibləri yekun qiymətin 30%-ni 10 iş günü ərzində, 40%-ni istismar başladıqda, qalan 30%-ni isə ehtiyatın yarısı çıxarıldıqdan sonra ödəyəcəklər.
Məsuliyyətin artırılması: Nazirlər Kabinetinə yer təkindən istifadə qaydalarını pozanlara qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq tapşırılıb.
Fərmanda ilk dəfə olaraq qeyri-filiz yataqlarının bazara olan məsafəsi, relyefi və infrastruktur vəziyyəti nəzərə alınmaqla xüsusi güzəştlərin tətbiqi nəzərdə tutulur. Bu, regionlarda fəaliyyət göstərən sahibkarların xərclərinin azaldılmasına xidmət edəcək.
2028-ci ilin yanvarın 1-dək ölkədəki bütün yataqların koordinatları, ehtiyatları və digər geoloji məlumatlarını əks etdirən geniş informasiya bazası yaradılacaq. Bu, sahə üzrə şəffaflığı və investorların məlumat əlçatanlığını maksimum dərəcəyə çatdıracaq.