BAKI, 9 aprel. TELEQRAF

Azərbaycan Respublikasının Nazirlər Kabineti Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı yeni qaydaları təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi Qaydası” qəbul olunub. Yeni sənəd icra məmurlarının seçimi və peşə hazırlığı prosesini tənzimləyəcək.

Qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına uyğun olaraq, eləcə də müvafiq qanunvericilik dəyişikliklərinin və Prezident fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.

Eyni zamanda sənəddə qeyd olunur ki, bu qərara dəyişikliklər normativ hüquqi aktların hazırlanması və qəbul edilməsi qaydalarına uyğun şəkildə edilə bilər.