BAKI, 4 aprel. TELEQRAF

“Bakının mərkəzində yerləşən və ölkənin mədəni həyatında xüsusi yer tutan Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi cəmiyyətdə haqlı narazılıq doğuran hadisədir”.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.

Onun sözlərinə görə, bu hadisə sadəcə divara rəsm çəkilməsi kimi deyil, mədəni-tarixi əhəmiyyət daşıyan bir obyektə qarşı törədilmiş vandalizm aktı kimi qiymətləndirilməlidir:

“Paytaxtın simvollarından biri hesab olunan belə bir binaya qarşı bu cür münasibət ictimai qınaq doğurmalı və ciddi müzakirə predmetinə çevrilməlidir. Nizami Kino Mərkəzi yalnız kino nümayiş etdirilən məkan deyil, həm də Bakının memarlıq irsinin mühüm elementlərindən biridir. Bu tip obyektlər şəhərin tarixini, estetik dəyərlərini və mədəni kimliyini özündə əks etdirir. Onların divarlarının qeyri-peşəkar yazılar və təsvirlərlə korlanması milli-mədəni irsə qarşı hörmətsizlik kimi qiymətləndirilməlidir. Bu kimi hallar cəzasız qaldıqca, digər tarixi binaların da eyni aqibətlə üzləşməsi riski artır. Qraffiti bəzi Qərb ölkələrində yayılmış olsa da, çox hallarda şəhər mühitinə mənfi təsir göstərir. ABŞ və Avropanın müxtəlif şəhərlərində binaların, keçidlərin və ictimai məkanların qrafitilərlə çirkləndirilməsi uzun illərdir müzakirə mövzusudur və bu problemin aradan qaldırılması üçün böyük maliyyə vəsaitləri xərclənir. Bu baxımdan, belə mənfi təcrübələrin ölkəmizə daşınması və “yaradıcılıq” adı altında təqdim edilməsi doğru yanaşma deyil. Qeyd edilməlidir ki, qraffiti mədəniyyəti Azərbaycan cəmiyyətinə xas deyil. Bakı şəhəri öz təmizliyi, səliqəsi və memarlıq gözəlliyi ilə seçilir. Paytaxtın bu üstün xüsusiyyətləri həm yerli əhali, həm də ölkəyə gələn qonaqlar tərəfindən yüksək qiymətləndirilir. Tarixi binaların divarlarının təsadüfi və estetik dəyəri olmayan yazılarla örtülməsi bu imicə birbaşa zərbə vurur".

Deputat bildirib ki, hadisəni törədən şəxslərin məktəb yaşlı olması məsələnin daha narahatedici tərəfidir:

"Bu, gənclər arasında ictimai mülkiyyətə münasibət, estetik zövq və məsuliyyət hissinin formalaşmasında müəyyən boşluqların olduğunu göstərir. Müasir dövrdə gənclər üçün yaradıcılıq imkanları kifayət qədər genişdir. Rəsm studiyaları, sərgilər, rəqəmsal platformalar və digər vasitələr vasitəsilə öz bacarıqlarını nümayiş etdirmək mümkündür. Lakin ictimai məkanları korlamaq yaradıcılıq deyil, dağıdıcılıqdır. Valideynlərin bu məsələdə rolu xüsusi qeyd olunmalıdır. Uşaqların davranışlarına nəzarət etmək, onlara ictimai mülkiyyətə hörmət, vətənpərvərlik və estetik dəyərlər aşılamaq ailənin əsas vəzifələrindəndir. Uşaqların boş vaxtlarını necə keçirdiyini bilmək və onları düzgün istiqamətləndirmək valideyn məsuliyyətinin ayrılmaz hissəsidir. Hadisəni törətmiş məktəblilərin adlarının və təhsil aldıqları məktəbin açıqlanması məsələsinə isə hüquqi və etik çərçivədə yanaşmaq vacibdir. Yetkinlik yaşına çatmayan şəxslərin şəxsi məlumatlarının ictimaiyyətə təqdim olunması qanunvericiliklə tənzimlənir və bu məsələdə yalnız rəsmi qurumların təsdiqlədiyi məlumatlara istinad etmək məqsədəuyğundur. Cəmiyyət olaraq nəzərə almalıyıq ki, şəhər mühiti hər birimizin ortaq sərvətidir. Onun qorunması və gələcək nəsillərə sağlam şəkildə ötürülməsi hər bir vətəndaşın məsuliyyətidir. Bakının estetik simasının qorunması isə yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin üzərinə düşən bir vəzifədir”.