BAKI, 27 fevral. TELEQRAF

Azərbaycan Rəqəmsal İnkişaf Şurası yaradılıb.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, ölkədə rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi və rəqəmsal suverenliyin möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb.

Şuraya Azərbaycan Respublikasının Birinci vitse-prezidenti sədrlik edəcək. Qurumun tərkibinə Prezident Administrasiyasının aidiyyəti şöbə rəhbərləri, rəqəmsal inkişaf və nəqliyyat naziri, elm və təhsil naziri, ədliyyə, maliyyə və iqtisadiyyat nazirləri, həmçinin Mərkəzi Bankın sədri və Dövlət Neft Fondunun icraçı direktoru daxil edilib.

Şuranın fəaliyyətinin təşkili məqsədilə Katiblik yaradılıb və bu funksiyanın icrası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə olunub.

Qeyd olunub ki, Şura öz fəaliyyətində yerli və xarici ekspertləri, beynəlxalq təşkilatları və elmi qurumları cəlb edə, həmçinin müxtəlif istiqamətlər üzrə işçi qruplar yarada bilər.

Yeni qurum dövlət proqramlarının icrasına nəzarət edəcək, dövlət orqanları arasında siyasətin əlaqələndirilməsini təmin edəcək və həyata keçirilən layihələrin strateji məqsədlərə uyğunluğunu qiymətləndirəcək.

Eyni zamanda, Şura normativ hüquqi aktların təkmilləşdirilməsi istiqamətində də tədbirlər görəcək və fəaliyyəti barədə ildə bir dəfə dövlət başçısına hesabat təqdim edəcək.