BAKI, 5 may. TELEQRAF

Azərbaycan Xarici İşlər Nazirliyi haqqında Əsasnamə təsdiq olunub.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Belə ki, “Diplomatik xidmət haqqında” qanuna uyğun olaraq, Azərbaycanın səfirlikləri, daimi nümayəndəlikləri, konsulluqları və fəxri konsulları haqqında əsasnamələrin yeni layihələrini hazırlayıb üç ay müddətində Prezidentə təqdim edilməlidir.

Həmçinin Xarici İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikasındakı İdarəsi əsasında Azərbaycan Xarici İşlər Nazirliyi Aparatının müvafiq idarəsinin yaradılması ilə bağlı tədbirlər görməlidir.

Bundan başqa, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Prezidentin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ləğv edilir.

Həmçinin “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” Prezidentin 2010-cu il 14 iyul tarixli 1014 nömrəli Sərəncamının 1-ci hissəsi ləğv olunur.