BAKI, 2 oktyabr. TELEQRAF
“Rusiya imperialist yanaşmalarını bərpa etmək istəyir və bu baxımdan Ermənistan müxalifəti onun əlində bir vasitədir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı və Əmək və Rifah Komitəsinin sədri Nazeli Baqdasaryan deyib.
Deputat bildirib ki, Rusiya iyunda keçirilən parlament seçkiləri zamanı Ermənistana qarşı sanksiyalar tətbiq edib və bu, daxildəki bəzi siyasi qüvvələr üçün faydalı olub.
Baqdasaryan qeyd edib ki, Rusiya Ermənistan hakimiyyətinin başında öz məqsədlərinə xidmət edən qüvvə görmək istəyir və bu qüvvə Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” deyil: “Bu məqsədlə Rusiyadakı Ermənistan vətəndaşlarına “Güclü Ermənistan” və ya “Ermənistan” blokuna səs vermələri üçün təzyiq göstərilib”.
Hakim fraksiyanın üzvü əlavə edib ki, parlament müxalifəti Rusiyanın təmsilçisidir, onlar ancaq Moskvanın maraqlarına xidmət edirlər.
Nazeli Baqdasaryan Rusiyanın Ermənistana satdığı qazın qiymətini artıra biləcəyini də istisna etməyib: “Qaz bahalaşacaqsa, bahalaşacaq, olmayacaqsa, olmayacaq. Hər şeyi şişirtməyə və apokaliptik şəkildə təqdim etməyə ehtiyac yoxdur”.