BAKI, 20 avqust. TELEQRAF
“Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyanın indiyədək azadlıqda olması problem idi”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Niyə Qaqik Sarukyan bütün bu müddət ərzində azadlıqda olmalı idi? Mən onun indiyədək azadlıqda olmasını problem kimi görürdüm. Niyə azadlıqda olub? Belələrinin azadlıqda qalmasına görə məsuliyyəti xalq mənim üzərimə qoyur. Problem də məhz budur.
Mən bir çox hallarda açıq şəkildə demişəm ki, bizim məhkəmə-hüquq sistemimiz elitaların maraqlarının ifadəçisidir. Amma burada fundamental problem var, bu, konstitusion tənzimləmələrlə bağlıdır. Yaxın vaxtlarda bu mövzuya daha ətraflı toxunacam. Sistem məhz elə qurulub ki, xalqa deyil, elitalara xidmət etsin. Bizim məhkəmə-hüquq sistemimiz çox mürəkkəbdir. Böyük səylər göstəririk, amma nə qədər böyük investisiyalar və islahatlar həyata keçirsək də, əminliklə deyə bilərik ki, bu sahədə nəticələrimiz ürəkaçan deyil. Bu, həll edilməli olan fundamental problemdir və Konstitusiya dəyişikliyi və yeni Konstitusiya qəbul edilmədən bu problemi həll etmək mümkün deyil”, - Paşinyan qeyd edib.
Baş nazir əlavə edib ki, “əmlakın müsadirə edilməsi” deyiləndə onun ağlına dərhal Qaqik Sarukyan və onu müdafiə edənlər gəlir:
“Bu, onların uzun illər ərzində Ermənistanda peşəkar səviyyəyə çatdırdıqları işdir. Bu gün deyirlər ki, bu, siyasi təqibdir. Mən isə əksini deyirəm: onilliklər ərzində siyasi təqib olmayıb. Onlar hətta bizim hakimiyyətimiz dövründə də mafioz əlaqələr vasitəsilə istədikləri məsələləri həll edirdilər, çünki biz proseslərə müdaxilə etmirdik. İndi isə xalqın aydın tələbi formalaşıb və xalqın tələbi yerinə yetirilməlidir. Hökumət proqramına əsasən, 2031-ci ilədək 2 milyard dollarlıq əmlak geri qaytarılmalıdır”.