BAKI, 18 avqust. TELEQRAF
“Belə davam etsə, rusiyalı oliqarx Samvel Karapetyan və sabiq prezident Robert Köçəryanla şəxsən özüm söhbət etməli olacam”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi, parlamentin keçmiş sədri Alen Simonyan sosial mediada yazıb.
Simonyan sabiq prezidentin oğlu, deputat Levon Köçəryanın onun əleyhinə verdiyi açıqlamanı belə şərh edib:
“Deyirlər, Robun balacası (Robert Köçəryanın kiçik oğlu) mənim tərbiyəm barədə danışıb. Mən onu elə tərbiyə etmişdim ki, parlamentin son bir ili ərzində səsi çıxa bilmirdi. Mən zala girəndə o, dəhlizə qaçırdı, mən dəhlizə çıxanda o, zala qaçırdı.
Digər yandan, mənim mühafizəçilərim sənin atan kimi ayaqyolunda adam öldürmürlər, nə də İrəvan küçələrində insanları güllələyirlər. Cavan oğlan, sən belə şeylər barədə az danışsan yaxşıdır.
O “güclü tiran”a (Narek Karapetyan) da deyin ki, siyahıya (casus siyahısına) alınan onun əmisidir (Samvel Karapetyan). Ruslar onu Kaluqadan bura siyahı ilə göndəriblər, ətrafındakıların hamısını da həmin siyahıdadır. Çox adamı da siyahıya salıb həbsxanaya göndərdiniz, indi də deyirsiniz, “nə üçün toplandığımızı unutmayaq”. Toplanmısınız ki, “tormoz əmi”nizin pullarını xilas edib Ermənistandan qaçırasınız. Bunu kim bilmir?
Əziz jurnalistlər, siz də təəccüblənməyin. Bu bir talançının uşağını, o biri bir qatilin uşağını kostyum-şalvar geyindirib, seçki rüşvəti ilə işə qəbul ediblər və deyiblər ki, “özünü ciddi apar, artıq sən deputatsan”. Bunlar da bunu ciddi qəbul ediblər. Mən də onlara yerlərini göstərirəm. Bundan sonra isə istisna deyil ki, artıq valideynlərini çağıracam”.
Xatırladaq ki, Alen Simonyan dünənki açıqlamasında Samvel Karapetyan və Robert Köçəryanı hədələmiş, hər ikisini tapdalayaraq əzəcəyini bildirmişdi. Təhlükəsizlik Şurasının katibinin açıqlaması ölkənin müxalifət çevrələrində müzakirə mövzusuna çevrilib.