BAKI, 13 avqust. TELEQRAF
“Ermənistan Avropa İttifaqına (Aİ) üzvlük məsələsi ilə bağlı referendumu yalnız hazırlıq işləri aparıldıqdan və Aİ-yə üzvlüklə bağlı rəsmi müraciət edildikdən sonra keçirəcək”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.
“Gələcəkdə mütləq referendum keçirəcəyik. Ancaq bu, ilk növbədə, institutsional baxımdan hazırlıq işləri aparıldıqdan, ikincisi isə Aİ-yə üzvlük məsələsi ilə bağlı rəsmi müraciət etdikdən sonra baş verəcək”, - o, brifinq zamanı qeyd edib.
Paşinyanın fikrincə, Ermənistan vətəndaşları nə Avrasiya İqtisadi Birliyi (AİB), nə də Aİ ilə bağlı olmayan üçüncü inkişaf yolunu da seçə bilərlər:
“Biz bu iki birliyi göstəririk, amma başqa təşəbbüs də ola bilər: nə AİB, nə də Aİ. Üçüncü variant da ola bilər. Ermənistan vətəndaşları üçün alternativlər yaratmaq istəyirik ki, seçimi özləri etsinlər. Amma bu gün dördüncü-beşinci alternativlər barədə də düşünürük. Çünki elə bir vəziyyət yaranmamalıdır ki, kimsə desin: Ermənistana heç kim lazım deyil və onun gedəsi yeri yoxdur”.