BAKI, 3 iyul. TELEQRAF

“Azərbaycan və Ermənistan sülh sazişinin imzalanması üçün tarixi fürsət əldə edib”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın müxalif “Respublika Uğrunda” partiyasının katibi Arnold Bleyan deyib.

“ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda sülhün necə inkişaf etməli olduğu barədə oxşar baxışlara malikdir. Ermənistan və Azərbaycan bu uyğunluqdan faydalanır. Bu, uzunmüddətli sülh üçün çox gözəl, tarixi imkandır. Ermənistan bu yolla daha böyük bazarlara çıxış imkanı qazanır”, - o bildirib.

Bleyanın iddiasına görə, yekun sülh sazişinin imzalanmasına mane ola biləcək ciddi maneələr yoxdur, Rusiyanın da bu baxımdan imkanları olduqca məhduddur.

Rusiyanın Ermənistana tətbiq etdiyi iqtisadi məhdudiyyətlərə gəlincə, ekspert qeyd edib:

“Təsəvvür edə bilməzsiniz, Rusiya bizə sanksiyalar tətbiq etməyə başlayanda nə qədər sevindim. Bu, diversifikasiyaya getməyimizə kömək edəcək. Qoy imkan daxilində bu məhdudiyyətləri mümkün qədər uzun müddət saxlasınlar.

İndiyədək deyirdilər ki, Avrasiya İqtisadi Birliyindən çıxmaq fəlakətli nəticələr doğuracaq, buna heç bir halda yol vermək olmaz. İqtisadiyyat Rusiya üçün sadəcə siyasi təsir rıçağıdır. Rusiya ilə qaz müqaviləsini də yenidən nəzərdən keçirməliyik. Rusiya bizi müstəmləkə və vassal kimi görür, bizimlə də bu cür davranır. Ruslar erməni xalqının öz dövlətinə sahib olmaq hüququnu tanımırlar”.