BAKI, 30 iyun. TELEQRAF

“Hazırda regionumuz ticarət, nəqliyyat, energetika və rəqəmsal kommunikasiya mərkəzi kimi öz rolunu gücləndirmək üçün böyük potensiala malikdir”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

Parlament sədrinin sözlərinə görə, mövcud dövr yalnız çağırışlar baxımından deyil, həm də əməkdaşlığın gücləndirilməsi üçün yeni imkanlar prizmasından dəyərləndirilməlidir.

Papuaşvili qeyd edib ki, Orta Dəhliznin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, logistika şəbəkələrinin inkişafı, ticarətin təşviqi və multimodal kommunikasiyanın gücləndirilməsi sayəsində Cənubi Qafqazı bölgələr və qitələr arasında cəlbedici və etibarlı əlaqə mərkəzinə çevirmək mümkündür.

“Daha sabit qonşuluq hər bir ölkənin maraqlarına uyğundur. Ermənistan və Azərbaycan arasında davam edən sülh prosesi, eləcə də Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində göstərilən səylər ümidvericidir. Bu proseslər regionumuzda daha çox sabitlik və əməkdaşlıq perspektivi yaradır”, - spiker vurğulayıb.

Papuaşvili xatırladıb ki, bu ayın əvvəlində yeni Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib:

“Bu, Gürcüstan, Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi strateji layihədir və praktiki əməkdaşlığın qarşılıqlı fayda verə, eləcə də bir-birinə daha bağlı və firavan region barədə ümumi baxışın reallaşmasına töhfə verə biləcəyinin bariz nümunəsidir”.