BAKI, 19 iyun. TELEQRAF

“Öz paytaxtının təhlükəsizliyini təmin edə bilməyən Rusiya necə Ermənistanın təhlükəsizliyinin qarantı olacaq?”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanda fəaliyyət göstərən hökumətyönlü “Məlumatlı Vətəndaşlar Birliyi” QHT-nin sədri Daniel İoannisyan deyib.

“Dünən ukraynalılar Moskvaya qarşı ən böyük hava hücumunu həyata keçiriblər. Moskvanın ən böyük neft emalı zavodu yanır, çoxsaylı itki var. Hava hücumundan müdafiə sistemlərinin işləməsi üçün avtomobil yolları bağlanıb. Hava limanları fəaliyyətini dayandırıb, 500 reys ləğv edilib və ya təxirə salınıb. Əvəzində isə neft emalı zavodunun dam örtüklərindən biri havaya qalxaraq “uçan boşqab”a çevrilib, sosial şəbəkələrdə müzakirə mövzusu olub.

Moskvada insanlar kütləvi şəkildə benzin qıtlığından və hava hücumu xəbərdarlığı siqnalının işə düşməməsindən narazılıq edirlər. Bunun nəticəsində bəzi dronlar çoxmənzilli yaşayış binalarını vurarkən, sakinlər sığınacaqlara üz tuta bilməyiblər. Və ya “təhlükəsizliyin qarantı”... Amma o, hətta öz paytaxtının təhlükəsizliyini belə təmin edə bilmir”, - İoannisyan sosial mediada yazıb.

Xatırladaq ki, Ukrayna Hərbi Hava Qüvvələri iyunun 18-də son bir həftə ərzində ikinci dəfə Moskva neft emalı zavoduna hava zərbələri endirib. Hava kampaniyası Rusiyanın paytaxtında irimiqyaslı yanğına və dağıntıya səbəb olub. Kreml baş verənlərə görə Kiyevə sərt reaksiya verib.