BAKI, 12 iyun. TELEQRAF

“Müxalifət zəifdir və bu durumda birgə əməkdaşlıq alınmayacaq”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze Qırğızıstanda jurnalistlərə deyib.

Hökumət başçısının iddiasına görə, müxalifətin Gürcüstan xalqından dəstək almaq şansı yoxdur.

“Bir neçə ay əvvəl verilən proqnozları xatırlayırsınız? Hələ o zaman söyləmişdik ki, bu yeni birlik qaçılmaz olaraq dağılacaq, keçmişdə də belə olub. Bunun sadə səbəbi var - müxalifət bütövlükdə zəifdir və zəif durumda birgə əməkdaşlıq çətindir. Hətta bir-birlərini sevmirlər, Gürcüstan xalqını necə razı sala biləcəklər? Bu müxalifətin Gürcüstan xalqı ilə uğur qazanmaq şansı yoxdur. Buna görə də, Gürcüstan xalqına yox, xarici havadarlarına üz tutublar.

Nanuka Jorjolianinin bu prosesdə irəli çəkilməsinə gəlincə, bu, həm də radikal müxalifətdə yaranmış son dərəcə çətin vəziyyətdən xəbər verir”, - İrakli Kobaxidze bildirib.