BAKI, 11 iyun. TELEQRAF
Ermənistanın keçmiş müdafiə naziri Davit Tonoyan və Müdafiə Nazirliyinin bir sıra keçmiş vəzifəli şəxslərinə qarşı başlanan cinayət işi üzrə daha iki məhkəmə iclası keçiriləcək, bundan sonra hakim hökm oxumaq üçün müşavirə otağına gedəcək.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Təxminən beş il əvvəl başlanan cinayət işi Ermənistan Korrupsiyaya qarşı Mübarizə Məhkəməsində son mərhələsinə yaxınlaşıb.
Xatırladaq ki, sursat əldə etmə prosesində baş vermiş sui-istifadə halları ilə bağlı Ermənistan İstintaq Komitəsi tərəfindən cinayət işi başlanıb. İş üzrə yeddi nəfər, o cümlədən keçmiş müdafiə naziri Davit Tonoyan, Baş Qərargahın keçmiş rəisi Artak Davtyan və Baş Qərargahının keçmiş rəis müavini Stepan Qalstyan ittiham olunub. Cinayət işi üzrə bütün təqsirləndirilən şəxslər hazırda azadlıqdadır.
Məhkəmənin təqsirləndirilən şəxslər barəsində həbs qərarı verəcəyi gözlənilir.