BAKI, 10 iyun. TELEQRAF

Avropa İttifaqı (Aİ) Şurası Kosmin Corc Dineskunu bir illik mandat üçün yeni yaradılmış Aİ-nin Ermənistandakı Tərəfdaşlıq Missiyasının (EUPM Armenia) rəhbəri təyin edib.

Teleqraf xəbər verir ki, missiya Ermənistanın xahişi ilə aprelin 26-da ilkin olaraq iki il müddətinə yaradılıb və ölkənin dayanıqlığını və böhran idarəetmə imkanlarını artırmaq məqsədi daşıyır.

Bildirilib ki, Aİ missiyası strateji və əməliyyat məsləhətləri vasitəsilə kiberhücumlar, xarici məlumatlar üzrə manipulyasiya və müdaxilə, eləcə də qanunsuz maliyyə axınları kimi çoxqatlı təhdidlərlə mübarizədə Ermənistana dəstək verəcək.

Yeni təyin olunmuş missiya rəhbəri Kosmin Dinesku beynəlxalq münasibətlər sahəsində 25 ildən çox təcrübəyə malik rumıniyalı diplomatdır. Əvvəllər Moldovada oxşar Aİ missiyasına rəhbərlik edib.

Həmçinin vurğulanıb ki, bu, 2023-cü ildə yaradılmış Aİ Monitorinq Missiyasından (EUMA) tam ayrı Ermənistandakı ikinci Aİ mülki missiyasıdır. Birinci missiya Ermənistanın Azərbaycanla sərhədlərində yerləşdirilib.