BAKI, 4 iyun. TELEQRAF

Rusiya Gürcüstan ilə ikitərəfli əlaqələri bərabərhüquqluluq və qarşılıqlı hörmət zəminində inkişaf etdirmək niyyətindədir və bu prosesdə üçüncü tərəflərin iştirakına ehtiyac görmür.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Moskva ilə Tbilisi arasındakı mövcud münasibətləri şərh edərkən bildirib.

M. Zaxarova iki ölkə arasında son dövrlər müvafiq istiqamətlərdə əhəmiyyətli irəliləyişlərin olduğunu diqqətə çatdırıb:

"Gürcüstanla təmasları mehriban qonşuluq, bərabərhüquqluluq və qarşılıqlı hörmət əsasında qurmağa çalışırıq. Artıq ticarət, nəqliyyat əlaqələri, turizm və humanitar mübadilə sahələrində kifayət qədər ciddi işlər görülüb. Rusiya Gürcüstanla əlaqələri daha da genişləndirməyə hazırdır, amma bu, ikitərəfli hərəkətə malik yol olmalıdır. Biz heç kimin daxili işlərinə qarışmaq niyyətində deyilik".