BAKI, 2 iyun. TELEQRAF
“Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam şəkildə istifadəyə verilməsi təkcə Gürcüstan, Azərbaycan və Türkiyə üçün deyil, həm də bütün region və Mərkəzi Asiya üçün mühüm hadisədir”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı İnkişaf naziri Mariam Kvrivişvili deyib.
Nazirin sözlərinə görə, bu layihə strateji tərəfdaşlığın, birgə səylərin və uzunmüddətli dövlət vizyonunun bariz nümunəsidir.
Mariam Kvrivişvili qeyd edib ki, Gürcüstan və Azərbaycan arasında son bir ildə mövcud olan sıx və nəticəyönümlü tərəfdaşlıq Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işləməsi üçün zəruri olan vacib məsələlərin vaxtında həll edilməsinə və uğurla başa çatdırılmasına imkan verib.
Nazir həmçinin qeyd edib ki, bu proses regionun rəqabət qabiliyyətinin, əlaqəsinin və iqtisadi inteqrasiyasının gücləndirilməsində irəliyə doğru çox vacib addımdır.
Mariam Kvrivişvilinin fikrincə, Bakı-Tbilisi-Qars artıq Avropa, Mərkəzi Asiya və Çin arasında mühüm birləşdirici əlaqəni təmsil edir:
“Son illərdə dünyada baş verən proseslər təhlükəsiz, etibarlı və proqnozlaşdırıla bilən nəqliyyat marşrutlarının əhəmiyyətini daha da aydın şəkildə nümayiş etdirib. Məhz buna görə də Orta Dəhlizə beynəlxalq maraq artır və Gürcüstanın bu prosesdəki rolu güclənir”.