BAKI, 14 may. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan “Güclü Ermənistan” partiyasının sədri, rusiyalı oliqarx Samvel Karapetyana qarşı Çindən təxminən bir tona yaxın halüsinogen göbələk gətirdiyi və çıxışlarından əvvəl onlardan istifadə etdiyi iddiası ilə bağlı məhkəməyə müraciət edib.

Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.

“Bəli, ərizə vermişəm. Belə bəyanatlar necə vermək olar? Məgər bu, ciddi insanın bəyanatıdır? Özü də “güclü” olduğunu iddia edir. Məhkəməyə müraciət edəcəyimi yarım kəlmə deyən kimi dizləri əsməyə, əllərini yuxarı qalxmağa başlayır, “yox, bunu mən deməmişdim, başqa cür demişdim” söyləyir. Ona görə də deyirəm ki, danışmazdan, nəsə etməzdən əvvəl düşünün”, - Paşinyan vurğulayıb.

Samvel Karapetyanın mayın 7-də Nikol Paşinyan haqda verdiyi açıqlaması belədir:

“Çində insanlarda halüsinasiyalara səbəb olan xüsusi göbələk restoranları var. Paşinyan Çində olanda bunu sınayıb, bəyənib. Məndə olan məlumata görə, Ermənistana təxminən bir ton bu göbələkdən gətirib”.

Oliqarx əlavə edib ki, Paşinyan jurnalistlərlə görüşəndə ​​mütləq həmin göbələklərdən istifadə edir.