BAKI, 16 aprel. TELEQRAF

“Bu, Gürcüstana və vətəndaşlarına təzyiq göstərmək üçün istifadə olunan növbəti alətdir”.

Teleqraf xəbər verir ki, bunu xarici işlər naziri Maka Boçorişvili Avropa İttifaqının (Aİ) bəzi ölkələri tərəfindən Gürcüstan vətəndaşlarına qarşı tətbiq edilən fərdi sanksiyalar barədə danışarkən deyib.

“Burada diplomatiyadan söhbət gedə bilməz, çünki Gürcüstana açıq şəkildə istənilən üsulla təzyiq göstərilir. Gürcüstana münasibətdə o qədər ədalətsiz yanaşmalar görürük ki, fərdi sanksiyaların tətbiqi artıq təəccüblü deyil. Vizasız rejimin ləğvi ilə bağlı hədələri də görmüşük, artıq Avropa İttifaqı tərəfindən diplomatik pasport sahibləri üçün vizasız gediş-gəliş dayandırılıb. Gürcü cəmiyyətinə təsir göstərmək üçün müxtəlif üsullardan istifadə olunur, bu da bir növ şantaj formasıdır”, - nazir bildirib.

Boçorişvli qeyd edib ki, sanksiya siyasətinin bu cür alətə çevrilməsi qəbuledilməzdir, bu məsələlər üzərində iş davam etdirilməlidir. O ümid etdiyini bildirib ki, Gürcüstan və vətəndaşlarına qarşı bu ədalətsiz yanaşmaların dəyişməsi üçün müəyyən addımlar atılacaq.

“Bütün bunlar Ukraynadakı müharibənin əvvəlindən, Avropa İttifaqının özü Rusiyaya qarşı heç bir sanksiya tətbiq etmədiyi vaxtdan başlayıb. Biz bəyan etdik ki, Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilmərik, etməyəcəyik, çünki bu, Rusiyaya təsir etməyəcək, əksinə, ölkəmiz üçün dağıdıcı nəticələr yarada bilər. Həmçinin bizim siyasətimiz ondan ibarətdir ki, ölkəmiz sanksiyalardan yayınmaq üçün istifadə olunmasın. Gürcüstan bu siyasəti qüsursuz şəkildə həyata keçirir, halbuki Avropa İttifaqına üzv bəzi ölkələrdə belə problemlər mövcuddur, tez-tez sanksiyalardan yayınma halları müzakirə olunur”, - xarici işlər naziri vurğulayıb.