BAKI, 13 aprel. TELEQRAF
Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl Oflaerti Ermənistan Baş naziri Nikol Paşinyana ayrı-seçkiliyə qarşı əhatəli qanun qəbul etməyi tövsiyə edib.
Teleqraf xəbər verir ki, bu barədə o, Ermənistan Baş nazirinə ünvanladığı məktubda yazıb.
Komissar Paşinyanı beynəlxalq standartlara və cəmiyyətin müxtəlif ehtiyaclarına cavab verən güclü antidiskriminasiya çərçivəsi yaratmaq imkanından istifadə etməyə çağırıb.
Məktubda həmçinin əlilliyi olan şəxslər üçün uyğun şəraitin yaradılması və LGBT icmasının üzvlərinin hüquqlarının qorunması məsələlərinə də toxunulub.
“İnsan hüquqları üzrə müdafiə orqanına müvafiq mandatın verilməsi müvafiq resursların ayrılmasını tələb edir. Bura əlçatan binalar və prosedurlara çıxışın təmin olunması üçün zəruri imkanlar daxildir. Məsələn, səfərim zamanı müşahidə etdim ki, İrəvanda ombudsman ofisi əlilliyi olan və yaşlı şəxslər üçün yetərli əlçatanlıq təmin etmir. Digər mühüm məsələ LGBT nümayəndələrinin hüquqlarının praktikada hüquqi təminatıdır. Bu baxımdan tövsiyə edirəm ki, qorunan əsaslar siyahısına açıq şəkildə cinsi orientasiya, gender identikliyi və cinsi xüsusiyyətlər daxil edilsin. Bu, həmin əsasların antidiskriminasiya müdafiə mexanizmlərinə daxil olduğunu aydın göstərəcək”, - Avropa Şurasının rəsmisi bildirib.
Oflaerti yekunda Paşinyanı ayrı-seçkiliyin qarşısının alınması və onunla mübarizə haqqında hərtərəfli və beynəlxalq standartlara uyğun qanun qəbul etməyə çağırıb.