BAKI, 9 aprel. TELEQRAF

“Ermənistan dəmir yolu şəbəkəsinin konsessiya idarəçiliyini başqa ölkəyə vermə məsələsini Rusiya ilə razılaşdırmadan müzakirə etməyi planlaşdırmır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərlə brifinqdə Qazaxıstan xarici işlər nazirinin İrəvana səfəri çərçivəsində Ermənistanın dəmir yolu şəbəkəsinin konsessiya idarəçiliyini Rusiyadan alaraq başqa ölkəyə vermə məsələsinin müzakirə olunub-olunmayacağı ilə bağlı suala cavab verərkən deyib.

“Rusiyanın arxasınca heç nə etməyi planlaşdırmırıq”, - o bildirib.

Paşinyan bundan əvvəl söyləyib ki, aprelin 1-də Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın dəmir yolu şəbəkəsinin konsessiya idarəçiliyinin İrəvan və Moskva ilə dost münasibətləri olan başqa ölkəyə verilməsi məsələsini ətraflı müzakirə edib.

Ermənistanın dəmir yolu şəbəkəsinin konsessiya idarəçiliyinin hər iki tərəf üçün məqbul olan üçüncü ölkəyə verilməsi təklifini məhz Paşinyan irəli sürüb. Onun sözlərinə görə, Rusiyanın idarəçiliyi şəraitində Ermənistan dəmir yolu bəzi rəqabət üstünlüklərini itirir, çünki bəzi ölkələr şəbəkənin Moskva tərəfindən idarə olunmasına görə ondan istifadə etməkdən imtina edir.

Ermənistan mətbuatında dəmir yolu şəbəkəsinin idarəçiliyinin Qazaxıstana verilməsi ilə bağlı müzakirələrin aparıldığı barədə xəbərlər yayılıb.

Aprelin 8-də Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev rəsmi səfərlə Ermənistana gəlib. Nümayəndə heyətinin tərkibində Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev də var.