BAKI, 7 aprel. TELEQRAF

“Güclü Ermənistan” partiyasının sədri və “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın digər ölkələrin vətəndaşlığından imtina etməsi prosesi artıq başlayıb”.

Teleqraf xəbər verir ki, bunu “Güclü Ermənistan” partiyasının idarə heyətinin üzvü Alik Aleksanyan jurnalistlərə bildirib.

O deyib ki, Samvel Karapetyan Rusiya vətəndaşlığından əlavə, Ermənistan və Avropa ölkələrindən birinin vətəndaşlığına da malikdir. Aleksanyan hansı ölkənin vətəndaşı olduğunu dəqiqləşdirməyib.

“Amma iki aydan sonra Samvel Karapetyanın yalnız bir pasportu olacaq və bu pasport onun vətəndaşlığını təsdiqləyəcək. Həmin pasport Ermənistan pasportu olacaq”, - o əlavə edib.

Xatırladaq ki, həbsdə olarkən “Güclü Ermənistan” adlı partiya quran Samvel Karapetyan qarşıdakı parlament seçkilərində iştirak etmək niyyətindədir. Partiyası onun baş nazirliyə namizədliyini irəli sürüb. Amma ikili vətəndaşlığı olduğu üçün namizəd olmasının qarşısında qanuni əngəl var.

Karapetyan ötən il iyunun 18-də hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar etmək ittihamı ilə həbs edilib.

Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək.