BAKI, 7 aprel. TELEQRAF

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ölkədə səfərdə olan Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkə hesabında paylaşım edib.

Prezident Sarayında baş tutan görüşdə Gürcüstan və Qazaxıstan arasındakı dostluq və əməkdaşlıq münasibətləri, müxtəlif sahələr üzrə uğurlu qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub. Tərəflər ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüş zamanı vurğulanıb ki, iki ölkə arasındakı güclü tərəfdaşlıq qarşılıqlı hörmət, milli maraqların qorunması və ümumi regional prioritetlərin nəzərə alınmasına əsaslanır.

Tərəflər, həmçinin qlobal siyasi proseslər və mövcud münaqişələrə toxunaraq bildiriblər ki, müasir çağırışlar fonunda Cənubi Qafqaz və Mərkəzi Asiyada sabitliyin və sülhün qorunub saxlanılması qlobal əhəmiyyət kəsb edir.

Mürəkkəb geosiyasi mühitdə Orta Dəhlizin artan rolu və regional bağlılığın gücləndirilməsinin vacibliyi xüsusi qeyd olunub. Mixeil Kavelaşvili Qazaxıstanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi sarsılmaz dəstəyə görə nazirə təşəkkürünü bildirib.