BAKI, 7 aprel. TELEQRAF
“Orta Dəhlizlə bağlı çoxlu manipulyativ bəyanatlar eşitmişik, amma fakt tamamilə fərqlidir. 2021-ci ildən bəri regionda yük dövriyyəsi yeddi dəfə artıb. Konkret statistika və məlumatlar öz sözünü deyir”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri Levan Maxaşvili deyib.
Maxaşvilinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı vacibdir, çünki onun ölkəsi bu dəhlizdə mühüm paylayıcı mərkəzdir.
Vitse-spiker xatırladıb ki, Azərbaycan lideri Tbilisidə səfərdə olarkən Gürcüstanın Orta Dəhliz üçün önəmini vurğulayıb.
“Azərbaycan Prezidentinin bəyanatı ilə Gürcüstanı bölgədən süni şəkildə çıxarmağa yönəlmiş bütün manipulyasiyalara son qoyuldu. (Avropa İttifaqı tərəfindən) Ən müxtəlif fikirlər səsləndirilə bilər, amma yerdə vəziyyət fərqlidir. Kim Gürcüstanı kənara itələməyə çalışsa da, heç kim coğrafiyanı və ya geosiyasəti görməzdən gələ bilməz”, - Levan Maxaşvili qeyd edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva aprelin 6-da Gürcüstanda dövlət səfərində olub.