BAKI, 7 aprel. TELEQRAF

“Gürcüstan və Azərbaycan liderlərinin qarşılıqlı səfərləri ölkələr arasında dostluq münasibətlərinin dərinləşməsinə töhfə verir”.

Teleqraf xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfərini şərh edərkən deyib.

O bildirib ki, region ölkələri arasında dinc və dostluq münasibətlərinin dərinləşdirilməsinin alternativi yoxdur:

“Gürcüstan və Azərbaycan arasında münasibətlər, strateji tərəfdaşlıq vacibdir. Bu səfəri alqışlayıram. Yaxın Şərqdə baş verən çətin prosesləri nəzərə alsaq, sülhdən başqa alternativ yoxdur. Bizim Azərbaycanla dostluq münasibətlərimiz var. Ölkə rəhbərlərinin bu cür səfərləri dostluq münasibətlərinin dərinləşməsinə töhfə verir”.

Kaladzenin sözlərinə görə, Azərbaycan Prezidentindən fərqli olaraq, bəzi Avropa siyasətçiləri Gürcüstanın Orta Dəhlizdəki əhəmiyyəti barədə bilərəkdən danışmırlar:

“Geosiyasi mövqeyimiz hər kəs üçün vacibdir. Buna görə də, Gürcüstanın bu dəhlizdə iştirakı arzuolunandır. Bəzi Avropa siyasətçilərinin Gürcüstanın bu məsələdəki rolunu qeyd etməməsinin səbəbi siyasi qərardır. Son illərdə ölkəmizə qarşı şantaj, təhqir və təhdidlərin edildiyini görürük. Bu münasibət qəbuledilməzdir. Bilirik ki, bunun səbəbi ölkənin və gürcü xalqının iqtisadi inkişafına zərər verəcək addımlar atmamağımızdır, buna görə də onlar Gürcüstana qarşı aqressiv münasibət bəsləyirlər”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva aprelin 6-da Gürcüstanda dövlət səfərində olub.