BAKI, 7 aprel. TELEQRAF
“Azərbaycan Gürcüstanın qonşusu və strateji tərəfdaşıdır və bu bir neçə dəfə təsdiqlənib”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfərini şərh edərn bu ölkənin “Xalqın Gücü” partiyasının icraçı katibi Quram Maçaraşvili deyib.
“Xüsusilə son dövrdə, dünyada və regionda böyük çağırışlar olduğuna görə, Orta Dəhlizin əhəmiyyətinin daha da artdığını görürük, əlbəttə, Gürcüstan da burada iştirak edir. Orta Dəhlizdə əsas formatı Azərbaycan yaradır və mühüm iştirakçıdır. Yaxşı haldır ki, Gürcüstan və Azərbaycan arasında belə bir tərəfdaşlıq mövcuddur və bu tərəfdaşlıq genişlənir. Prezident İlham Əliyevin Gürcüstanın Orta Dəhlizdə böyük rolunun olmasına dair açıqlaması da bunu təsdiqləyir və göstərir ki, gələcəkdə Gürcüstan Orta Dəhlizdə daha vacib rol oynayacaq”, - Maçaraşvili bildirib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva aprelin 6-da Gürcüstanda dövlət səfərində olub.