BAKI, 23 mart. TELEQRAF
“Azərbaycan danışıqlar zamanı Ermənistan Konstitusiyasında dəyişiklik tələb etmir, amma mövcud müddəalar qalacağı təqdirdə sülh müqaviləsi imzalamayacağı barədə xəbərdarlıq edib”.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Azərbaycan tərəfindən Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı birbaşa tələb yoxdur. Amma başqa məsələlər var, bu barədə tərəflər açıq şəkildə danışırlar. Ermənistan Azərbaycanla Konstitusiyanın dəyişdirilməsini müzakirə edə bilməyəcəyini bəyan etdikdə, qarşı tərəf bunu qəbul edir, amma əlavə edir ki, Ermənistan Konstitusiyasındakı bəzi mövcud müddəalar qalarsa, sülh müqaviləsini imzalamağı planlaşdırmırlar”, - qeyd edib.
Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl ölkəsinin Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Müstəqillik Bəyannaməsini sülhə təhlükə adlandırıb. Onun sözlərinə görə, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadlar olmamalıdır, çünki bu, münaqişə riski yaradır. Bəyannanin müddəalarından biri “Ermənistanın Qarabağla birləşməsi”ni nəzərdə tutur, Azərbaycan buna qarşı çıxıb. Həmin məqamın Konstitusiyadan çıxarılması sülh müqaviləsinin imzalanması üçün rəsmi Bakının əsas və son tələbidir.