BAKI, 19 mart. TELEQRAF

“Ermənistanda (Azərbaycanla) sülhə qarşı olmadıqlarını deyən bəzi dairələr, əslində, hakimiyyətə gələcəkləri təqdirdə sülhü yenidən nəzərdən keçirəcəklərini bildirirlər”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərlə brifinqdə söyləyib.

“Bu yanaşma yalnız Ermənistan üçün həm müharibə, həm ərazi itkisi, həm də suverenliyin itirilməsi ilə nəticələnə bilər”, - o bildirib.

Paşinyan vurğulayıb ki, bəzi qüvvələr Ermənistanı öz hakimiyyətləri dövrlərində olduğu kimi periferik vəziyyətdə saxlamaq istəyirlər:

“Həmin qüvvələr Ermənistanın müstəqillik əldə etməsi ilə barışa bilmirlər və ölkənin tam müstəqil olmasına mane olmağa çalışan emissar rolundadırlar”.

Ermənistan Baş naziri əlavə edib ki, sülhü yenidən nəzərdən keçirmək cəhdi müharibə deməkdir:

“Həmin qüvvələr belə bir müharibədən “forpostun idarəçiləri” kimi fayda götürə bilər, amma dövlət olaraq Ermənistan üçün bu zərərlidir. Zaman göstərib ki, bu yanaşma onlar üçün maddi baxımdan da sərfəlidir”.