BAKI, 27 fevral. TELEQRAF
“Əslində, onlar çox ahəngdar və bir-birini tamamlayan cütlük idi, indi də belədir. Məsələn, aralarında siyasi fikir ayrılığı olduğunu düşünmürəm”.
Teleqraf xəbər verir ki, bunu politoloq Vigen Akopyan Ermənistan Baş naziri Nikol Paşinyanla həyat yoldaşı Anna Akopyanın ayrılmasını şərh edərkən deyib.
O bildirib ki, bu prosesdə kifayət qədər ciddi qüsur var, bir çox insan bunu seçkiqabağı prosesin bir hissəsi kimi görür:
“Əgər bu addım hazırda Nikol Paşinyana lazım olmasaydı, əgər o hesab etsəydi ki, bu, onun reytinqini aşağı salır, onda bu açıqlama ən azı bu dövrdə - seçkilərə 3,5 ay qalmış verilməzdi. Hətta real əsaslar olsa belə, Anna Akopyana 3-4 aylıq sakit şəkildə ictimaiyyətin diqqətindən kənarda qalmağa heç nə mane olmurdu. Üstəlik, onun “yoxa çıxmaq” üçün yeri də var idi - təhsil aldığı Çin. Bu isə o deməkdir ki, bütün bunlar Nikol Paşinyanın məlumatı və razılığı ilə baş verib”.
Anna Akopyanın açıqlamasında ona qarşı cinayət işi açıla biləcəyini istisna etməməsinə münasibət bildirən Vigen Akopyan bunun səhnə effekti yaratmaq üçün deyilmiş ola biləcəyini istisna etməyib:
“Bunu istisna etmirəm, xüsusilə də piar və siyasi texnologiya baxımından çox şey söyləmək mümkündür. O, həmçinin deyir ki, evi və pulu yoxdur, zinət əşyalarını qoyub gedir, paltarı da yoxdur, paltarlarını başqaları verir. Yəni korrupsiyadan uzaq bir insan obrazı yaradır, özünə arxa-dayaq formalaşdırır.
İki hədəf var. Birincisi, müxalifətdir. Anna Akopyan müxalifət üçün mənfi fiqurdur, hətta ona Nikol Paşinyandan da mənfi münasibət bəsləyirlər. İndi Anna Akopyan Nikol Paşinyandan ayrılanda mənfi yükünü də ondan ayırır. Hakimiyyətin seçici elektoratının bir hissəsinə - fanatiklərə gəlincə, onlar həmişə Anna Akopyana qısqanclıqla yanaşıblar, hesab ediblər ki, guya yazıq Nikolu oliqarx Anna sıxışdırır.
İndi bu addımla Anna Akopyanın kifayət qədər yüksək mənfi reytinqini Nikolun reytinqindən ayırmağa çalışırlar. Əgər sən Annanı Nikoldan ayırırsansa, bununla mənfi təsiri müəyyən qədər azaldırsan”.
İkincisi, hakim partiyanın seçiciləri bundan sonra deyəcəklər ki, “yazıq Nikol pis təsirdən qurtuldu”.
Əlbəttə, 100 faiz iddia edə bilmərəm ki, onların şəxsi münasibətləri parlaqdır. Mümkündür ki, şəxsi münasibətlərdə problemlər var və bunlar indi siyasi ssenarilərdə də istifadə olunur. Yəni həmin evdə real əsaslar, problemlər ola bilər, sadəcə indi bunları istifadə etməyə çalışırlar”.