BAKI, 26 fevral. TELEQRAF
“Ermənistanın yeni Konstitusiyasının mətni tam olmasa da, böyük ölçüdə hazırdır”.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan ədliyyə nazirinin müavini Tiqran Dadunts deyib.
“Ümid edirik ki, mart ayı ərzində tam olmasa da, bir çox mövzular artıq müvafiq şura tərəfindən müzakirə olunmuş və təsdiqlənmiş olacaq. Əgər bütün mövzuları şura ilə müzakirə etməyə çatdırmasaq belə, hər halda layihəni yekunlaşdıracağıq”, - o bildirib.
Dadunts mətnin tam hazır olunmasından sonra ictimai müzakirəyə təqdim olunacağını da açıqlayıb.
Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılması məsələsinə gəlincə, ədliyyə nazirinin müavini qeyd edib ki, Baş nazir Nikol Paşinyanın Konstitusiyanın preambulası ilə bağlı mövqeyi nəzərə alınacaq:
“Bu məsələ artıq yüksək səviyyədə müzakirə olunub, baş nazir də bu barədə danışıb və biz də hökumət nümayəndələri kimi bunu nəzərə alırıq. Bu məsələni artıq müzakirə etmirik”.