BAKI, 13 yanvar. TELEQRAF

“Bu insanlar hələ də o dövrlərə ümid bəsləyirlər ki, o zaman nazirlər kənardan (Rusiyadan) təyin olunur, ölkənin xarici siyasəti kənardan müəyyən edilirdi. Bütün bunlar artıq keçmişdə qalıb”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan Kremlin təbliğatçısı Vladimir Solovyovun açıqlamasını şərh edərkən deyib.

“Solovyov mənim üçün şərh verməyə dəyməyəcək ən son adamlardan biridir, amma onun tezislərini Ermənistanda müdafiə edənlər də var. Onlar Ermənistanı Rusiyanın ucqar əyaləti kimi təsəvvür edirlər. Sonra da istəyirlər ki, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yaranmasın. Rusiya hakimiyyəti bu adama yerini göstərmir”, - o bildirib.

Deputatın fikrincə, Ermənistan müxalifəti bütün alətləri bir araya gətirib Ermənistanı Rusiyanın ucqar əyalətinə çevirməyə çalışacaq: “Ancaq əyalətçilik tərəfdarları uğur qazanmayacaq. Ermənistan artıq təsir zonası deyil. Kimə “stavka” qoyublarsa, uduzublar, tamamilə iflasa uğrayıblar”.

Solovyovun bəyanatları fonunda KTMT-dən çıxmağın vaxtının çatdığı barədə səslənən fikirləri şərh edən Ovannisyan vurğulayıb:

“Baş nazir Nikol Paşinyan da bəyan edib ki, bu gün KTMT bizim üçün təhlükəsizlik yastığından daha çox təhdiddir, çünki lazım olan anda bizə kömək etmir. Amma biz Ermənistanın dövlət maraqları ilə irəliləyirik. KTMT-də üzvlüyümüz dondurulub və bu, digər ölkələrlə münasibətlər qurmağa maneə deyil. Hazırda çıxmaqla bağlı yekun qərar və müzakirə yoxdur”.

Deputat əlavə edib ki, Ermənistan nə türk, nə də ucqar rus əyalətidir, suveren dövlətdir.

Vladimir Solovyov bundan əvvəl söyləmişdi ki, Ermənistanın itirilməsi Rusiyanın maraqlarına ziddir. Onun sözlərinə görə, “xüsusi hərbi əməliyyat” təkcə Ukraynada yox, Rusiyanın təsir dairəsində olan digər ərazilərdə də həyata keçirilməlidir, xüsusən də Ermənistanda.