BAKI, 29 dekabr. TELEQRAF

Rusiyalı biznesmen Samvel Karapetyan və komandasının üzvləri Azərbaycanla bağlı yalanlar danışırlar.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan bildirib.

“Rusiyalı biznesmenin əmisi oğlu bu gün iddia edib ki, guya Azərbaycan beş gün əvvəl İrəvan Dövlət Azərbaycan Tetarı açıb. Rusiyalı iş adamının komandası yalan danışır, çünki həmin teatr beş gün əvvəl açılmayıb, 1989-cu ildən bəri Bakıda fəaliyyət göstərir, 1994-cü ildə Azərbaycanda dövlət statusu alıb.

Teatr 2008-2018-ci illərdə (Serj Sərkisyanın hakimiyyəti dönəmini nəzərdə tutur – red.) fəaliyyət göstərib. Həmin dövrdə iş adamının qardaşı, yəni əmisi oğlunun atası “Respublika” partiyası fraksiyasının rəhbəri, Serj Sərkisyanın aparat rəhbəri və “Respublika” Partiyasının deputatı olub, amma o dövrdə heç bu mövzu barədə danışmaq üçün maskasını çıxarmamışdı.

Rusiyalı biznesmenin komanda üzvləri niyə belə yalan danışırlar? Səbəb çox sadədir. Çünki onlar sizin (erməni cəmiyyətinin) qorxularınız üzərindən oynayırlar. Böyük çətinliklərlə əldə etdiyimiz sülhü hər vəchlə dəyərdən salmaq istəyirlər.

İstəyirlər ki, Ermənistan blokada şəraitində qalmağa və yoxsullaşmağa, özləri isə köhnə tərəfdaşları Köçəryan və Sərkisyanla birlikdə zənginləşməyə davam etsinlər”, - vitse-spiker vurğulayıb.