BAKI, 22 dekabr. TELEQRAF
“Avropa Komissiyası diplomatik pasport sahibləri üçün vizasız gediş-gəlişi çoxdan dayandırıb. Avropa Komissiyasının son hesabatı isə bizdə o qənaəti gücləndirir ki, müəyyən qüvvələr ölkəmiz və xalqımızı şantaj etmək məqsədilə vizasız rejimdən istifadə etmək istəyirlər”.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər naziri Maka Boçorişvili bildirib.
“Avropa Komissiyası öz qərarlarından da geri qalır, qurum diplomatik pasport sahibləri üçün vizasız gediş-gəlişi çoxdan dayandırıb. Avropa İttifaqının bir sıra üzv ölkələri artıq bu qərara əməl edirlər, halbuki diplomatik pasport sahibləri üçün saziş naməlum səbəblərdən dayandırılıb. Üstəlik, bunun hüquqi əsasları da sual altındadır. Belə bir qərarın mövcudluğu fonunda yenidən bunun təkrar edilməsi və bu cür hədələr bizim o qənaətimizi daha da gücləndirir ki, Gürcüstanla vizasız rejim bəzi qüvvələrə yalnız bir məqsəd - ölkəmiz və xalqımızı şantaj etmək üçün lazımdır”, - nazir vurğulayıb.