BAKI, 2 dekabr. TELEQRAF

Avropa İttifaqı Ermənistanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və enerji resurslarının diversifikasiyası üçün 500 milyon avro həcmində investisiya ayıracaq.

Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə erməni jurnalistlərlə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə Özbəkistanın paytaxtı Daşkənddə "Qafqaz elektrik ötürmə şəbəkəsi" layihəsi çərçivəsində sənəd imzalanıb:

"Daşkənddə biz 500 milyon avroluq layihə ilə bağlı sənədi imzaladıq. Bu, Ermənistan elektrik şəbəkəsinin Gürcüstanın şəbəkəsinə birləşdirilməsi layihəsinə yatırılan sərmayədir. Artıq Ermənistan-Türkiyə elektrik xətti üzərində də iş aparılır. Məqsəd odur ki, ölkəniz Rusiya enerjisindən getdikcə daha az asılı olsun".

Aİ rəsmisi xatırladıb ki, Avropa ittifaqı da Rusiyadan enerji asılılığını azaltmaq üçün son illərdə ciddi addımlar atıb:

"2022-ci ildə müharibə başlayanda Avropa Rusiyadan qazın 60%-ni, kömürün 50%-ni, neftin 40%-ni idxal edirdi. Bu gün kömür və neft idxalı sıfıra düşüb, qaz asılılığı isə sürətlə azalır".