BAKI, 27 noyabr. TELEQRAF

Dekabrda Türkmənistan, Azərbaycan, Gürcüstan və Rumıniya arasında imzalanacaq Xəzər dənizi-Qara dəniz beynəlxalq nəqliyyat marşrutu üzrə sazişlə bağlı mühüm irəliləyiş gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Daşkənddə Transxəzər Nəqliyyat Dəhlizi üzrə forum çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

Nazir bildirib ki, bu təşəbbüs Xəzər region ilə Avropa İttifaqı arasında çoxşaxəli əlaqələr yaradacaq, əlaqəliliyi artıracaq, marşrutlara çıxışın diversifikasiyasını təmin edəcək və dayanıqlılığı gücləndirəcək.

Kvrivişvili qeyd edib ki, 2026-cı ildə Gürcüstanın əsas nəqliyyat və logistika prioritetləri qatar parkının tam yenilənməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun tamamlanması və həm dövlət, həm də özəl sektor üçün vahid rəqəmsal xidmətlərin tətbiqi olacaq. Nazir bunun ötürücülük qabiliyyətini və əməliyyat effektivliyini əhəmiyyətli dərəcədə artıracağını söyləyib.

“Mərkəzi Asiya, Xəzər hövzəsi, Cənubi Qafqaz və Qara dəniz regionlarının tranzit və logistika potensialının tam açılması üçün koordinasiya olunmuş maliyyələşdirmə zəruridir”, - Mariam Kvrivişvili əlavə edib.