BAKI, 25 noyabr. TELEQRAF
“Görünür, Gürcüstan və Ukraynanın ortada sıxışmış vəziyyətdə qalması kimlərəsə sərf edir”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili NATO baş katibi Mark Ruttenin açıqlamasını şərh edərkən bildirib.
Spikerin sözlərinə görə, NATO-ya üzvlük məsələsi Gürcüstan Konstitusiyasında da öz əksini tapıb:
“Gürcü xalqı artıq belə bəyanatlara inanacaq qədər sadəlövh deyil, nədən söhbət getdiyini çox yaxşı görür. 2008-ci ildə dedilər ki, qapı açıqdır, o vaxtdan 17 il keçib. Gürcüstan institutsional baxımdan da, NATO ilə hərbi yaxınlaşma baxımından da tələb olunan hər şeyi edib - müharibələrdə iştirakdan NATO əsgərləri ilə çiyin-çiyinə döyüşməyə qədər. Cənab Rutte hansı ölkənin (Niderland) baş naziri idisə, biz Əfqanıstana həmin ölkədən on dəfə çox kontingent göndərmişik. Buna görə də bizə barmaq uzatmaq və sual vermək artıq dayandırılmalıdır. Gürcü xalqı artıq sadəlövh deyil ki, bu barmaq uzatmanı qəbul etsin. Top NATO-nun tərəfindədir. Gürcüstan Konstitusiyada da təsbit edildiyi kimi, NATO üzvlüyü üçün tələb olunan hər şeyi edib. Uyğunluq baxımından da, institutsional baxımdan da NATO-nun 7-8 üzvündən bütün parametrlərlə öndəyik.
Ukraynanın nümunəsində də görürük ki, NATO ətrafında necə müzakirələr aparılırdı. 2022-ci ildə müharibə başlayanda Prezident Zelenski çıxıb dedi: nəhayət, bizə bildirin, bizi NATO-ya qəbul edirsiniz, ya yox, əgər qəbul etmirsinizsə, bunu açıq deyin, bəlkə gərginlik yaradan məsələlərdən biri aradan qaldırıldı. Amma nə “bəli” dedilər, nə də “xeyr”.
NATO baş katibi Mark Rutte bundan öncə Gürcüstanın alyansa üzvlük üçün hazır olmadığını açıqlamışdı.