BAKI, 23 oktyabr. TELEQRAF

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə KİV-in sualını cavablandırarkən Ermənistanın Gümrü şəhərinin meri Vardan Qukasyanın həbsini şərh edib.

Teleqraf xəbər verir ki, o, Rusiyanın Gümrüdəki vəziyyəti diqqətlə izlədiyini bildirib.

“Moskva Ermənistanın ikinci böyük şəhərindəki vəziyyəti diqqətlə izləyir. Orada Rusiyanın 102-ci bazası, Rusiyanın Baş Konsulluğu, “Rossotrudniçestvo” bölməsi (“Rus Evi”) yerləşir. Şəhər rəhbərliyi Rusiya Federasiyasının müxtəlif regionları ilə fəal əməkdaşlığı inkişaf etdirir. Onların arasında müharibə zamanı həlak olmuş rus zabitlərinin xatirəsinə həsr olunmuş məşhur “Şərəf zirvəsi” abidə kompleksi də var”, - Zaxarova qeyd edib.

Zaxarova deyib ki, Moskva Rusiya-Ermənistan münasibətlərinə qayğı ilə yanaşır, iki xalq arasında ənənəvi sıx münasibətlərin tərəfdarı olan hər kəsi həmişə dəstəkləyirik:

“Merin həbsinə münasibətə gəlincə, əlbəttə, bu, Ermənistanın daxili işidir. Həmçinin bizə məlumdur ki, əvvəllər Vanadzor, Berd, Gorus və digər bu kimi şəhərlərin rəhbərlərinə qarşı cinayət işi açılıb. Ümid edirik ki, bu cür məhkəmə prosesləri məhkəmə sistemi ilə xalq arasında əlaqənin qırılmasına və bu sistemə olan etimadın azalmasına gətirib çıxarmayacaq - Ermənistan baş nazirinin (Nikol Paşinyan) Ermənistan Demokratiyası Forumunda söylədiyi kimi”.

Diplomat əlavə edib ki, Ermənistanın yeni seçki mərhələsinə qədəm qoyduğunu nəzə aldıqda, bütün bu məsələlər xüsusilə aktuallaşır. O xatırladıb ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyun ayında keçiriləcək.

Xatırladaq ki, Vardan Qukasyan bundan əvvəl korrupsiya və külli miqdarda mənimsəmə ittihamları ilə məhkəmədə həbs olunub. Ermənistan Kommunist Partiyasının üzvü olan siyasətçi Rusiyaya yaxınlığı ilə tanınır. Təsadüfi deyil ki, Qukasyan sentyabrda Ermənistanı Rusiya ilə İttifaq Dövlətində birləşməyə çağırmışdı.