BAKI, 16 oktyabr. TELEQRAF
“Konstitusiyaya dəyişikliklə bağlı mövqeyimizi bildirmişik və bu dəyişməyib”.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib.
Baş nazir Ermənistan Konstitusiyasına xarici yox, daxili gündəlik əsasında dəyişiklik edəcəyini deyib.
“Heç bir xarici siyasət gündəmimizdə Konstitusiya mövzusu yoxdur. Konstitusiya ilə bağlı daxili gündəliyimiz var və bu, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının 7-ci qurultayı zamanı qəbul edilmiş bəyannamədə açıq və birmənalı şəkildə qeyd olunub”, - Paşinyan vurğulayıb.
Ermənistanın hakim partiyasının həmin bəyannaməsində bildirilir:
“2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərində xalqın etimad səsini aldıqdan sonra hökumət referendum yolu ilə Ermənistan Respublikasının yeni Konstitusiyasının qəbulu prosesinə start verəcək”.
Xatırladaq ki, Ermənistan Konstitusiyasında müvafiq dəyişiklik sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın tələbidir. Söhbət Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən bəndin Ermənistanın əsas qanunundan çıxarılmasından gedir.